Xarici valyuta əsginaslarının qanunsuz alqı-satqısı ilə məşğul olanlar saxlanıldı - Əməliyyatdan görüntülər

Xarici valyuta əsginaslarının qanunsuz alqı-satqısı ilə məşğul olanlar saxlanıldı - Əməliyyatdan görüntülər

11 Yanvar, 14:18 Sosial mediada paylaşın:

Ölkəmizdə yaradılmış azad və rəqabətli bazar iqtisadiyyatı mühitindən, habelə dövlətin ədalətli fiskal siyasətindən sui-istifadə edən sahibkarlıq subyektləri tərəfindən yol verilən korrupsiya hüquqpozmalarına qarşı mübarizə istiqamətində prokurorluq orqanlarının kompleks tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, belə tədbirlərdən biri kimi, Nuhiyev Qalib Pirməmməd oğlunun sahibkarlıq fəaliyyəti ilə qanunsuz məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.1-ci (xeyli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Qalib Nuhiyevin 2019-cu ilin dekabrından etibarən Xudaverdiyev Eltac Həsən oğlundan icarəyə götürdüyü, Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti 110 ünvanında yerləşən qeyri-yaşayış sahəsində qanunvericiliyin tələblərini pozaraq Eltac Xudaverdiyevlə birgə müvafiq dövlət qurumlarından icazə almadan və xüsusi lisenziya əldə etmədən gizli şəkildə müxtəlif xarici valyuta əsginaslarının alqı-satqısı fəaliyyəti ilə məşğul olmalarına və bu yolla 60 min manat məbləğində gəlir əldə etmələrinə əsaslı şübhələr yaranıb.

Bununla əlaqədar məhkəmə qərarı əsasında valyuta dəyişmə məntəqəsinə texniki vasitələrdən istifadə etməklə həyata keçirilmiş baxış zamanı külli miqdarda yerli və xarici valyutalar, həmçinin pul vəsaitinin dövriyyəsinə dair qeyd dəftərləri və kompüterlər aşkarlanaraq götürülüb.

Qalib Nuhiyev və Elçin Xudaverdiyev yanvarın 10-da şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə əhəmiyyət daşıyan halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

CANLI YAYIM