Azərbaycan gözəli Leyla Bədirbəylinin doğum günüdür

Azərbaycan gözəli Leyla Bədirbəylinin doğum günüdür

8 Yanvar, 17:30 Sosial mediada paylaşın:

Bu gün Azərbaycan teatrının görkəmli nümayəndələrindən olan, milli kino sənətimizin bənzərsiz simalarından sayılan Leyla Bədirbəylinin anadan olmasından 101 il ötür.

Leyla Bədirbəyli fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib. Xalq artisti Leyla Bədirbəyli yaratdığı təkrarsız obrazlarla öz adını Azərbaycan sənət tarixinə yazdırmağı bacaran sənətkarlardandır. O, 1920-ci il yanvarın 8-də Bakıda dünyaya göz açıb. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan Leyla Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət edilir.

33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı “Sara”, “Solmaz”, “Şəlalə”, “Dezdemona”, “Liza” və digər obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.

Kinoda parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olub. 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.

Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı xidməti təkcə “Gülçöhrə” ilə bağlı deyil. İstedadlı aktrisa 50-ə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz obrazlar yaradıb. “Azərbaycan gözəli” adını almış aktrisamızın filmləri bu gün də sevilərək baxılır.

CANLI YAYIM