Koronavirusa yoluxanların sayı 87 milyona çatır

Koronavirusa yoluxanların sayı 87 milyona çatır

6 Yanvar, 10:30 Sosial mediada paylaşın:

Son statistikaya əsasən, dünyada indiyədək koronavirusa təsdiqlənmiş yoluxma sayı 86 milyon 834 mini ötüb. Yoluxanların 1 milyon 875 mindən çoxu xəstəlikdən dünyasını dəyişib. Yoluxmaların artması ilə əlaqədar bir çox ölkədə yenidən karantin rejimi tətbiq edilir. 

Koronavirusun yayılmasının qarşısını almaq üçün məhdudiyyətlər tətbiq edən ölkələrin sayı da getdikcə artır. Almaniya kansleri Angela Merkel ölkə ərazisində karantin rejiminin yanvarın sonunadək uzadıldığını və yeni daha sərt tədbirlərin tətbiq olunduğunu açıqlayıb. Müvafiq qərar 16 vilayətin baş nazirləri ilə hökumət nümayəndələri arasında keçirilən görüşdə qəbul olunub. Məhdudiyyətlər çərçivəsində mağaza, restoran, uşaq bağçaları və məktəblər yanvarın 31-dək bağlı qalacaq, təhsil distant formatda olacaq. Yeni qaydalar ilk dəfə olaraq xüsusi risk zonasında olan bütün rayonların sakinlərinin hərəkətini məhdudlaşdırır.  

İsrail hökuməti də yoluxma sayının artması ilə əlaqədar karantini sərtləşdirməyi qərara alıb. Bu barədə Baş nazirin ofisindən məlumat verilib. Yeni məhdudiyyətlər yanvarın 7-dən qüvvəyə minməli və 2 həftə davam etməlidir. Təfərrüat hələ ki açıqlanmır. Yeni qaydalar parlament tərəfindən təsdiqlənməlidir.

Dünyada yoluxma statistikasına nəzər salsaq, ABŞ-da pandemiya başlayandan COVID-19-a yoluxanların sayı 21 milyonu ötüb.

Böyük Britaniyada isə ötən gün yoluxma göstəricisində antirekord qeydə alınıb. Son sutkada 60 mindən çox adamın koronavirus testinin nəticələri pozitiv çıxıb. İngiltərədə hər 50 nəfərdən 1-i, başqa sözlə, əhalinin 2%-i bu xəstəliyə yoluxub.

 

 

CANLI YAYIM