Məcburi köçkün ailələrindən olan abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır

6 Sentyabr, 12:29 Sosial mediada paylaşın:

Məcburi köçkün ailələrindən olan abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır. Onların təhsil problemlərinin həlli diqqət mərkəzindədir. Dövlət İmtahan Mərkəzi məcburi köçkün və qaçqın ailələrindən olan şagirdlərin və abituriyentlərin qəbul imtahanlarına hazırlığına kömək göstərilməsini həmişə diqqət mərkəzində saxlayır. Hər il onlarla görüşlər təşkil olunur, peşəyönümü istiqamətli söhbətlər aparılır, onları imtahanların texnologiyası ilə tanış etmək məqsədilə pulsuz sınaq imtahanları keçirilir.

Bu, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı DİM-in elmi-statistik hesabatında yer alıb.

Hesabatda bildirilir ki, onlara dərsliklər, dərs vəsaitləri, “Abituriyent” jurnalları, həmçinin imtahanlarda istifadə olunmuş test kitabçaları hədiyyə edilir. Bütün bunlar və digər amillər məcburi köçkün və qaçqın ailəsindən olan abituriyentlərin təhsillərini davam etdirmək istəklərinə və imtahan göstəricilərinə müsbət təsir göstərir. Ötən il işğal altında olan rayonlardan ali təhsil müəssisələrinə sənəd verən 10 min 671 abituriyentdən 5 min 455-i tələbə adı qazanıb. Məcburi köçkün olan abituriyentlərin ali təhsil müəssisələrinin nüfuzlu ixtisaslarına qəbulolma faizi də artıb.