AZTV-yə qarşı aparılan qarayaxmaya cavab

AZTV-yə qarşı aparılan qarayaxmaya cavab

18 Dekabr, 14:30 Sosial mediada paylaşın:

Son zamanlar AzTV-yə və konkret olaraq sədr Rövşən Məmmədova qarşı qarayaxma kampaniyalarına yenidən start verilib. Xüsusən internet mediasında yer alan əsassız, qeyri-obyektiv və peşəkarlıqdan uzaq yazıları yenicag.az, yenilik.az, konkret.az, aztimes.az kimi saytlar daha çox tirajlayır. Əlbəttə, biz başa düşürük ki, neqativ xəbərlər, xüsusilə, maraq doğurur və ilk baxlışdan “bu tip saytlar oxucu auditoriyası uğrunda mübazirə aparır” təəssüratı yaradır. Amma və lakin...

Yenicag.az saytında AzTV və sədr Rövşən Məmmədov haqqında yer alan yazınının detallarına qısaca toxunmaqla məsələnin əsl mahiyyətinə aydınlıq gətirmək istərdik.

1. İstənilən yazıda, əgər müəllif həqiqətən obyektivliyə, ədalətə xidmət edirsə, peşəkardırsa, ən nəhayət jurnalistikada vicdanla, şərəflə çalışmaq missiyasını qarşısına məqsəd qoyursa, əks tərəfin də fikirlərini öyrənməli, materialı, yazını birtərəfli, yaxud özünə, sifarişçiyə sərf edən qaydada hazırlamamalıdır. Bu, ilk növbədə oxucuya, bütövlükdə cəmiyyətə qarşı hörmətsizlikdir. AzTV-yə “həsr olunan” yazıların əksəriyyətinə diqqətlə baxsanız, qurumun mövqeyinin öyrənilmədiyini görərsiniz. Sual yaranır: niyə?

2. Yazının sonunda “jurnalist” yazır: “biz sədrlə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab vermədi”. Bu barədə sədrə hər hansı zəng daxil olmayıb. İkincisi, görəsən, media mənsubu, yaxud ona rəhbərlik edən şəxs hər hansı qurumun mətbuat katibi olduğunu və suallar varsa, ilk növbədə, məhz ona, yəni mətbuat katibinə ünvanlanmalıdır kimi ibtidai təfəkkürə aid sadə prinsipi bilmirmi? Bilir. Amma zəng etməməyə üstünlük verir. Yenə sual yaranır: niyə?

3. Yazının başlığında sədr Rövşən Məmmədovun öz qohumlarını işə götürdüyü və dövlət televiziyasını sülalə şirkətinə çevirdiyi qeyd edilir. Lakin yazının içində məlum olur ki, qohum deyilən şəxslər, əslində, R.Məmmədovun tanıdığı, bir zamanlar bir yerdə çalışdığı adamlar, yaxud dostlarıdır. Qohumluq əlaqələrini müəyyən etmək çox asandır. Bunun üçün, əlbəttə ki, qan bağlılığı olmalıdır. Amma maraqlı olan bəzi “jurnalistlər”in dostluğu necə və hansı prinsiplərlə müəyyən etməsidir. O zaman bu “məntiq” sahiblərinə növbəti yazı üçün mövzu verək. Rövşən Məmmədov bir zamanlar idman jurnalisti olmaqla yanaşı, həm də filologiya elmləri doktorudur və sədr olana qədər BDU, BSU, Avrasiya Universiteti, Azərbaycan Universitetində jurnalistikadan dərs deyib. Hazırda isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da fəaliyyətini müəllim kimi davam etdirir. Onun bu illər ərzində dərs dediyi yüzlərlə tələbədən ən azı 20-si AzTV-də çalışır. Belə olan halda R. Məmmədovun dostlarının sayı daha çoxdur. Növbəti sual: dostunu, yaxud sədrin nə zamansa bir yerdə çalışdığı insanları qohum kimi təqdim etməyin məqsədi nədir?

4. AzTV olaraq haqqımızda, o cümlədən sədr Rövşən Məmmədov barəsində yazılan “məqalə”lərlə bağlı saytların baş redaktorlarına zəng edib məsələni aydınlaşdırmaq və mövqe bildirmək cəhdlərimiz isə əksər hallarda baş tutmur. Ən yaxşı halda sayt rəhbərləri əvvəl yazılmış, şantaj və yalan faktlardan ibarət materialı saxlamaq şərti ilə qurumun mövqeyini əlavə yazı kimi təqdim edirlər. “Axı biz sizə mövqeyimizi bildirdik, niyə onu əvvəlki yazıya daxil etmirsiniz” sualına isə cavab belə olur: “Sayt mənimdir. Özüm bilərəm. Məni hədələməyin”. Məsələn, analoji hal özünü aztimes.az saytının baş redaktoru kimi təqdim edən Pərvin Abışova ilə yaşandı. Biz “məhkəməyə müraciət edəcəyik” deyəndə isə cavab belə oldu: “Hara istəyirsiniz müraciət edin”. Bu zaman növbəti sual ortaya çıxır. Özlərini peşəkar hesab edən bu “media aslanları” kimə və nəyə arxayındır? Həqiqəti yazmaqdan niyə qorxurlar?

Bütün suallara cavab   

Bu sualların yalnız bir cavabı var – SİFARİŞ. Yazıların sifarişli və təmənna müqabilində yazıldığı ilk cümlədən də bilinir. Görünür, ölkə mediasında hələ də maşa funksiyasını yerinə yetirən və kimlərinsə əlində alətə çevrilmiş saytlar, yaxud sayt rəhbərləri var. Bizsə AzTV olaraq bir məsələni xatırlatmaq istərdik. Kimliyindən və harada çalışmasından asılı olmayaraq, hər bir jurnalist, yaxud həmin jurnalistə rəhbərlik edən şəxs fəaliyyətində KİV qanunlarına, jurnalistikanın etik prinsiplərinə hörmət etmirsə, yalnız şəxsi maraqlar, yaxud kimlərinsə tapşırığı əsasında fəaliyyət göstərirsə, bunun yalnız bir adı var – REKETÇİLİK. Bu fəaliyyət isə yalnız bir quruma, yaxud qurum rəhbərinə deyil, bəzən ölkəyə də ziyan vurur. Necə ki, bir neçə gün öncə bunun şahidi olduq. Həmkarlarımızdan əsas istəyimiz odur ki, AzTV ilə bağlı hər hansı yazı hazırlamaq istəyirlərsə, hətta tənqidi xarakterli olsa belə, qurumun Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinə müraciət etsinlər. İlk növbədə, ona görə ki, AzTV və onun rəhbərliyi hər zaman sağlam və məntiqli tənqidə açıqdır. İkincisi və ən əsası, yalnız o halda ictimaiyyətə ötürülən yazılar əsaslı, obyektiv və ədalətli olar, material sifarişli yazı təsiri bağışlamaz, jurnalist də, təmsil etdiyi media orqanı da öz peşəkarlığını, vicdan və əqidəsini, obyektivliyini qoruyar.    

AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsi

CANLI YAYIM