Daha bir yol yenidən qurulub

5 Sentyabr, 17:01 Sosial mediada paylaşın:

Son illər paytaxt həmçinin, regionlarda təmir bərpa və yenidən quruculuq işləri istiqamətində xeyli işlər aparılır. Quba rayonunda kənd və qəsəbələri birləşdirən yolların təmiri və yenidən qurulması da bu istiqamətdə aparılan mühüm layihələrdəndir. Yeni istifadəyə verilən layihələrdən biri də Rustov-Xanəgah-Gürdəh marşrutu üzrə uzanan yoldu. İndi bu ucqar kəndlərə ilin bütün fəsillərində getmək çox rahatdır.

Qubanın Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yolu 36 kilometr uzunluğundadır. Hazırda 12 yaşayış məntəqəsinin 6 min nəfərə yaxın sakini bu yoldan istifadə edir. Yolun bir neçə kilometrlik hissəsi dağların arasından salınıb.


Saleh Qocaoğlu (sakin):
-Bu yol tikiləndən sonra bizim işimiz daha asanlaşıb. Bu yolu çəkəndən sonra bu kəndimizə turist axını daha da çoxalıb, gəlib-gedənlər çoxdu, gəlib kəndimizin gözəlliyinə heyran qalanlar çoxdu.

***

Layihə çərçivəsində yollar 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq qurulub. Aparılan işlər zamanı yol yatağının eni genişləndirilərək 10 metrə çatdırılıb. Bununla yanaşı, hazırda Xanəgah kəndi ərazisində eni 6 metr, uzunluğu isə 12 metr olan yeni körpü tikilir. Çağacıq çayı üzərində inşa olunan bu körpü yaxın günlərdə kənd sakinlərinin istifadəsinə veriləcək.

Çağacıq çayı Xanagah kəndini iki hissəyə ayırır. Əsasən yaz aylarında sakinlər kəndin bir tərəfindən digər tərəfinə keçməkdə çətinlik çəkirdilər. Bu çətinliyi aradan qaldırmaq üçün hazırda yeni körpü inşa olunur.
Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün körpüdə hər iki istiqamət üzrə piyada səkiləri qurulacaq. Bununla da kəndin digər hissəsində yaşayan şagirdlər bu körpüdən keçməklə asanlıqla məktəbə gedə biləcəklər.

Xanəli Abusəlimov (sakin):
- Körpü qoyulandan sonra bütün çətinliklər aradan qalxacaq, maşınlarımız rahat keçəcək, özümüz rahat keçəcəyik.


Təmir işləri zamanı körpüyə beton məhəccərlər quraşdırılacaq, piyada səkisi ilə yolun hərəkət hissəsini ayırmaq məqsədi ilə xüsusi beton bordurlar quraşdırılacaq, körpünün altında bərkitmə işləri görüləcək, üstü isə asfaltlanacaq.

Aztv.az