“Nəvəm dedi ki, baba, muştulugumu ver, Laçını işğaldan azad etdilər”

“Nəvəm dedi ki, baba, muştulugumu ver, Laçını işğaldan azad etdilər”

30 Noyabr, 16:25 Sosial mediada paylaşın:

Laçınlılar vətənlərinə qayıtmağa hazırlaşırlar. Müzəffər ordumuzun qələbəsi onların da xəyallarını reallağa çevirib. Noyabrın 10-da imzalanan bəyanata əsasən, Laçın sabah Azərbaycana təhvil verilməlidir.

Laçın rayon sakini Şahsuvar Şahsuvarov deyir ki, eşidəndə sevindiyindən aglayıb: “Gözlərimdən yaş gəlib. Mən əvvəl inanmırdım ki, 28 illik həsrətə 40 günə son qoyula. Nəvəm dedi, baba, muştulugumu ver, Laçını işğaldan azad etdilər”.

Ş. Şahsuvarov noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan bəyanatın özü və ailəsi üçün nə qədər əhəmiyyətli olduğunu izah edir. Danışdıqca da xoşbəxliyi üzündən oxunur. Deyir ki, 83 illik ömrünün təxminən 55 ilini keçirdiyi Laçına qayıdacağını çox xəyal edib, o yerləri yuxularında çox görüb. Həmişə də inanıb ki, yurd-yuvalarına qayıdacaqlar. Hətta həmin günü yaşamaq onun özünə qismət olmasa belə, övladları, nəvələri mütləq görəcək. Amma xoşbəxtliyə bax ki, 27 illik xəyyalarını Azərbaycan ordusu 44 günün içində reallığa çevirdi. Laçın bütün gözəlliyi ilə yenə oranın əsl sahiblərinə qayıdır.

“Laçın kimi gözəl yer, bizim kəndimiz kimi də gözəl kənd yoxdur. Deyir, hər kəs üçün öz vətəni şirindir, amma mən o şirinliyə görə demirəm, mənzərəsi gözəldir. Baxdıqca doymurdun. Kim gəlirdisə, valeh olurdu”, deyir laçınlı ağsaqqal.

Şahsuvarovlar ailəsi o gözəl yerlərə - Laçının Budaqdərə kəndinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Kəndləri haqqında elə danışırlar ki, o yerləri görməyənlər də rahatlıqla gözəlliyini təsəvvür edə bilər. Dağını, çayını, meşəsini, bulağını... Qayıdanda da həmin yerləri bir-bir gəzəcəklər.

Ailə köçkün düşəndən sonra çox çətinliklə üzləşib. Uzun müddət mənzil problemi yaşayıb. 2011-ci ildə Ağcabədi rayonunun “Taxta körpü” ərazisində salınan qəsəbədə təzə mənzillə təmin olunub. İndi rahat yaşayırlar. Amma heç yer onlar üçün Laçını əvəz edə bilməz.

Laçına qayıdacaqları günə daha nə qalıb ki... Erməni silahlı qüvvələri və orada qeyri-qanuni məskunlaşanlar Laçından çıxırlar.

Pərviz İmranoğlu

CANLI YAYIM