“Vətən yaxşıdır” oxuyub məşhurlaşdı, şəhid olub ürəkləri dağladı

“Vətən yaxşıdır” oxuyub məşhurlaşdı, şəhid olub ürəkləri dağladı

30 Noyabr, 13:40 Sosial mediada paylaşın:

Torpaqlarımıza azadlıq gətirənlərın sırasında onun  da imzası var: 22 yaşlı şəhid gizir Xudayar Yusiflinin. Vətən savaşında qəhrəmanlıq göstərməklə yanaşı, məlahətli səsi ilə dəstək olub döyüş yoldaşlarına. Düşmən tapdağından təmizlənən Vətən torpağını elə vətəni tərənnüm edən ifalarla salamlayaraq həmin tarixi anları telefonun yaddaşına köçürüb

İfa etdiyi mahnıda deyilir ki:

“Şair,sorma vətən nədən yaxşıdır,

Adı gəlcək könlüm dastana döndü....”

Özü də dastana döndü... Cəsurlugu, mərdliyi, qəhrəmanlığı ilə yazdı dastanını şəhid gizir Xudayar Yusifzadə.  22 il əvvəl Bərdənin Qazıqurdalı kəndində doğulub. Dünyaya göz açdığı 24-cü gündə atası vəfat edib. Ona görə də nənəsinin himayəsində böyüyüb.

Əslində, musiqiçi ola bilərdi. Bərdə 1 saylı uşaq musiqi məktəbini xanəndəlik ixtisası üzrə bitirmişdi. Amma hərb sahəsini seçir. Hərbi xidmətindən sonra kiçik gizir hərbi rütbəsi alaraq sərhədlərimizin keşiyində dayanır.

Xudayarın ən böyük arzusu Qarabağın incisi, baş tacı Şuşanı görmək olub. Elə 9 yaşında ifa etdiyi məşhur “Şuşanın dağları” mahnısını da orada oxumaq istəyirdi. Qismət deyilmiş. Oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda döyüşdə ağır yaralanan Xudayar Yusifli şəhidlik zirvəsinə ucalır. 

İndi Xudayardan geriyə qalan Zəngilanda oxuduğu “Vətən yaxşıdır” mahnısıdır. Sosial şəbəkələrdə ən çox izlənən bu video həm də ailəsinin təsəlli yeridir. O, Şuşanı görməsə də, Şuşa da azad oldu və Şuşada dalğalanan üç rəngli bayrağın qırmızısında bütün şəhidlərimiz kimi Xudayarın da qanının rəngi var.

Elnur Tofiq

CANLI YAYIM