Bu gündən Azərbaycanda yeni qadağalar qüvvəyə minib - COVID-19-da rekord artım

Bu gündən Azərbaycanda yeni qadağalar qüvvəyə minib - COVID-19-da rekord artım

21 Noyabr, 10:00 Sosial mediada paylaşın:

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə bu gündən Azərbaycan ərazisində yeni qadağalar qüvvəyə minib. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 28 dekabr saat 6-dək uzadılıb. Bununla belə, son günlər COVID-19 infeksiyasına yüksək yoluxma dinamikası qeydə alındığından sərt karantin rejiminin mövcud olduğu Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında məhdudiyyətlərin tətbiqi 7 dekabr saat 6-dək uzadılıb.

Bu gündən 28 dekabr saat 6-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərməyəcək. Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət də 28 dekabr saat 6-dək uzadılıb. Həyati əhəmiyyət kəsb edən xidmət sahələri, o cümlədən, aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb. Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir. Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. Mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.

Operativ Qərargah bir daha bütün şəxsləri COVID-19-la mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırır. 

 

CANLI YAYIM