Ermənilərin növbəti vandallığı: Xudavəng kompleksini dağıdır, əşyaları söküb Ermənistana aparırlar

Ermənilərin növbəti vandallığı: Xudavəng kompleksini dağıdır, əşyaları söküb Ermənistana aparırlar

16 Noyabr, 21:10 Sosial mediada paylaşın:

Kəlbəcərdə yüksək təpəlik üzərində, əsrarəngiz təbiət qoynunda inşa edilmiş Xudavəng monastrı Azərbaycan ərazisindəki ən böyük monastr kompleksidir. Qədim Alban sivilizasiyasın ən gözəl sübutlardan olan Dadivəng və yaxud Xudavəng kompleksi Arzu xatun kilsəsindən, Həsən kilsəsindən, Bazilika və 2 ibadətgahdan ibarətdir. Yerləşdiyi bölgənin landşaftı ilə vəhdət təşkil edən qədim memarlıq nümunəsi  8-9-cu əsrlərə aiddir.

1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsindən sonra Xudavəng monastır kompleksi dünyaya erməni abidəsi kimi təqdim olunub. Lakin buradakı kitabalərdə qeyd olunan türk adları abidəni ucaldanların etnik mənsubiyyətinin dəqiq göstəricilərindən biri sayılır. Noyabrın 25-dək Kəlbəcəri təhvil verməli olan ermənilər tarixi abidələrə də ziyan vururlar. Xudavəng monastrı da bu vandallığın qurbanlarındandır. Monastırın zəngləri, xaç daşları və digər qiymətli əşyaları sökülür və qeyri-qanuni olaraq Ermənistana aparılır.

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini icra edən Anar Kərimov bildirib ki, oradakı hər bir maddi mənəvi mədəniyyət nümunələri Azərbaycana məxsusdur: “Çünki bunlar Azərbaycanın ərazisindədir və bu mülkiyyətin Azərbaycandan qeyri-qanuni daşınması beynəlxalq humanitar hüquqa ziddir, eyni zamanda, ümumbəşəri dəyərlərə də hörmətsizlikdir. Biz bunu qətiyyətlə pisləyirik və bununla əlaqədar beynəlxalq təşkilatlara, xüsusilə də UNESCO-ya müraciətlər olunub. Biz hesab edirik ki, bu əməllərə beynəlxalq ictimaiyyət tərəfindən qiymət verilməlidir”.

Onu da bildirək ki, beynəlxalq konvensiyaları kobud şəkildə pozan ermənilər monastrın tarixini də saxtalaşdırmağa çalışıblar. Mütəxəssislərin sözlərinə görə, dırnaqarası “qədim xaç daşları” düzəldən erməni ustalar bu işi də keyfiyyətlə görməyiblər. Müxtəlif memarlıq üslublarında inşa edilmiş qədim kompleksdəki süjetli relyeflər, epiqrafiya nümunələri, eləcə də oyma daş bəzəklər, tikilinin tarixi və mənsubluğu haqqında geniş məlumat verir.

Hazırda işğaldan azad olunan bütün Azərbaycan ərazilərində yerləşən tarixi memarlıq obyektlərinin qorunması üçün tədbirlər həyata keçirilir. Şuşa Tarixi-Memarlıq Qoruğunun da UNESCO-nun mədəni irs siyahısına əlavə edilməsi planlaşdırılır.

Qeyd edək ki, Şuşa şəhərində ümumilikdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansaray, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub. O cümlədən 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və tanınmış şəxslərin evləri olub.

A.Kərimov onu da bildirib ki, Şuşa şəhərinin UNESCO-ya daxil edilməsi üçün artıq işlərə başlanılıb: “Bununla əlaqədər beynəlxalq ekspertlərlə əlaqələr yaradılıb, eyni zamanda bizim yerli ekspertlərlə birgə Şuşaya səfər ediləcək, monitorinqlər aparılacaq, namizədlik dosyesi hazırlanacaq və UNESCO-ya təqdim ediləcək”. 

Xavər Zairova, Gülnaz Hacıyeva

CANLI YAYIM