Ermənistan öz arxivlərindən qəhrəman diplomatımız haqqında sənədlərin hamısını niyə açıqlamır?

30 Avqust, 14:54 Sosial mediada paylaşın:

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycanın qəhrəman oğlu, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir diplomat kimi Yerevanda erməni daşnak hökumətinin işğalçı planlarını pozmuş Məhəmməd Xan Təkinski ilə bağlı arxiv sənədlərini açıqlayıb. AZƏRTAC bu barədə erməni KİV-nə istinadla xəbər verir. Lakin erməni rəsmi qurumları onların azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barədə diplomatımızın Ermənistan hökumətinə yazdığı məktubları yox, özlərinə sərf edən kiçik məqamları açıqlayıblar.

Ermənilərin açıqladığı sənədlərdə qeyd olunur ki, daşnak Ermənistanında “müsəlman iğtişaşları törətmək”, əslində isə orada yaşayan azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısını almaq (qeyd: AZƏRTAC) üçün Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi, ermənilərin o vaxtkı baş naziri Simon Vratsyanın təbirincə, “qatı türkofil” olan Məhəmməd Xan Təkiniskini Yerevana diplomatik nümayəndə təyin edib. Arxiv sənədlərində qeyd olunur ki, erməni-daşnak hərbi birləşmələri haqqında məlumat toplayan diplomatımız, eyni zamanda, Naxçıvan və Şərurun ermənilər tərəfindən işğalının qarşısının alınmasında mühüm rol oynayıb. Qəhrəman diplomatımız daşnak qoşunlarının hücumları, Naxçıvanla sərhəd bölgələrdə hərbi-siyasi vəziyyət haqqında şifrli teleqramlar göndərərək onların qarşısının alınmasına kömək edib.

Lakin Ermənistan MTX aşağıdakı sənədləri gizlətməyə üstünlük verib:

1919-cu il yanvarın 29-da Ermənistan Respublikasının hökuməti nəzdində Azərbaycan Respublikasının diplomatik nümayəndəsi təyin edilən diplomatımız 1919-cu il martın 24-də Ermənistanın xarici işlər nazirinə nota təqdim edib. Həmin sənəddə deyilirdi: “Türklər İrəvan quberniyasını tərk etdikdən bir neçə gün sonra erməni zabitlərinin komandanlığı altında erməni silahlı dəstələri Naxçıvan istiqamətində hücuma keçərək Səyib, Kataklı, Xaraba Kataklı kəndlərini tar-mar edib, dinc müsəlman əhalisini - qocaları, qadın və uşaqları, həmçinin bu kəndlərdə olan qaçqın müsəlmanları doğrayıblar. Lakin Şərurda müqavimətlə qarşılaşan silahlı erməni dəstələri Tarovluya geriyə çəkiliblər. Eyni vaxtda digər erməni dəstəsi Cırmanısdən Qaraxaç, Şaqanlı, Kadılı, Yuxarı Qarabağlar, Ağasıbəyli, Dəhnaz, Şişi Dağ kəndlərinə doğru irəliləyərək bu kəndlərin bütün dinc müsəlman əhalisini qılıncdan keçirib, qız-qadınları əsir götürüblər. Müsəlman nümayəndələri erməni əsgərlərinin bütün bu iyrənc hərəkətləri haqqında məlumatı vaxtında Ermənistan Respublikası hökumətinin diqqətinə çatdırıb”.

M.X. Təkinskinin erməni qoşunlarının Naxçıvana hücumu ilə bağlı Ermənistan hökumətinə 1919-cu il mayın 3-də təqdim etdiyi notada qeyd edilirdi: “Hökumətimin tapşırığı ilə mən Ermənistan Respublikasının qoşunlarının Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan rayonuna yeridilməsinə qarşı qəti etiraz edirəm. Mən ümid etmək istəyirəm ki, Ermənistan Respublikasının hökuməti iki qonşu respublikaların sərhədləri haqqında məsələni eyni vaxtda silah gücü və Qafqaz konfransındakı öz nümayəndələri vasitəsilə həll edə bilməyəcək. Qafqaz konfransının məqsədi mübahisəli ərazi məsələlərini sülh yolu ilə həll etməkdir. Xüsusən də Ermənistan Respublikasının hökuməti özünün 4 aprel 1919-cu il tarixli 1075№li notasında qeyd etmişdir ki, ərazi məsələlərinin həlli Qafqaz Konfransının həll etməli olduğu bütün məsələlərin ilkin şərti olmalıdır. Xahiş edirəm bu məsələ ilə bağlı hökumətinizin qərarını mənə bildirəsiniz”.

M.X.Təkinskinin bir vətənpərvər diplomat kimi Yerevanda fəaliyyəti ilə bağlı arxiv sənədlərinin yalnız ermənilərin özlərinə sərf edən qisminin açıqlanması onu göstərir ki, “əzabkeş xalq” özünün soyğunçuluq, beynəlxalq qanunlara zidd hərəkətindən əl çəkmək istəmir, Azərbaycanın əzəli torpaqlarını zəbt etmək siyasətini davam etdirir.

Erməni hiyləgərliyinin daha bir bariz nümunəsi Təkinskinin AXC XİN-ə göndərdiyi teleqramda əks olunub: “Yayılan şayiələrə görə, əgər Ermənistan Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edərsə, ingilislər Şərur-Naxçıvan bölgəsini Ermənistana verəcək. Bu şayiəni ermənilər yayır; mən düşünürəm ki, başdan-başa müsəlman əhalisindən ibarət olan Şərur-Naxçıvanı onlara vermək olmaz, buranın əhalisi Ermənistanın digər hissələrində olan müsəlmanlardan da dəhşətli vəziyyətə düşəcək. Müsəlmanların dəhşətli vəziyyətdə olması haqqında sübutlarım var”.