15 may - Beynəlxalq İqlim Günüdür

15 may - Beynəlxalq İqlim Günüdür

16 May, 09:47 Sosial mediada paylaşın:

Hər il mayın 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir.

Bu günün qeyd edilməsində əsas məqsəd cəmiyyətin diqqətini indiki və gələcək nəsillərin rifahına təsir edən və əhəmiyyətli resurs olan iqlimin müdafiəsinə yönəltməkdir.

İqlimin qorunması hazırda bəşəriyyət qarşısında duran qlobal problemlərdən biridir. Qlobal istiləşmə, atmosfer qatında artan ozonun miqdarı, təbii fəlakətlər, planetin hava şəraitinin dəyişməsi - bunlar hamısı Yer kürəsinin iqliminin pisləşməsinə səbəb olur. Nəticədə insanların ərzaq, həyati və mülki təhlükəsizliyi sual altında qalır, təbii resursların vəziyyətinə və dövlətlərin dayanıqlı inkişafına mənfi təsir göstərir.

Müasir elm Yer kürəsinin temperaturunda daha çox artım olacağı halda faciəli iqlim dəyişikliyinin nə qədər tez bir zamanda baş verəcəyi sualına cavab tapa bilmir. Ancaq ekoloq və meteoroloqların fikrincə, bu dəyişikliyi bəşəriyyətin gücü ilə təxirə salmaq lazımdır.

Dünyada və Azərbaycanda havanın orta temperaturu artmaqda davam edir. İqlim dəyişməsinə təbii və antropogen amillər təsir göstərir. Təbii amillərə Günəşin aktivliyi, Yerin oxunun Günəşə nisbətən 15 dərəcə dəyişməsi və vulkan püskürməsini misal göstərmək olar. Antropogen amillər isə ümumi təsirin beşdə dörd hissəsini təşkil edir və bu sahədə istixana effekti qazları əsas yer tutur.

İstilik artımı dünyada müxtəlif cür paylanıb. Məsələn, Azərbaycanda elə ərazilər var ki, son illər havanın orta temperaturu 0,4 dərəcə artıb. Böyük Qafqazın yüksək dağlıq ərazilərində isə orta temperaturun 1,1-1,4 dərəcə yüksəlməsi müşahidə olunub.

Yer kürəsinin iqliminin stabil saxlanılması planetin hər bir sakinindən asılıdır. Avtomobildən çox istifadə etməməklə, mənzillərdə işıqlandırma məqsədilə enerjiyə qənaət edən mənbələrdən istifadə ilə, ağac əkinlərinə və yaşıllıqların müdafiəsi aksiyalarına qoşulmaqla iqlimin qorunmasında pay sahibi olmaq olar. Hər kəsə kiçik görünən bu əməllər əslində Yer kürəsi üçün böyük mənanı ifadə edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacəkmə kampaniyaları, yaşıllıq sahələrinin müdafiəsi və artırılması istiqamətində gördüyü tədbirlərlə iqlim dəyişmələrinin qarşısını almağa töhfə verməyə çalışır.

CANLI YAYIM