Haqqımızda

TV VƏ RADİO HAQQINDA

«Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur.

 Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da, Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də yaradılıb. Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu BİRİNCİlik  müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib.

2005-ci il martın 23-də Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin 213 saylı fərmanı ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Azərbaycan Televiziyası çox geniş auditoriyaya malikdir. Hazırda televiziyamızın yayımladığı verilişlərə tamaşaçılar nəinki vətənimizin hər bir şəhər və kəndində, ən ucqar yerlərində, həmçinin dünyanın bir çox ölkələrində də baxa bilirlər. Azərbaycan Televiziyasının Türkiyə, Rusiya, Ukrayna, Iran, Kanada, Özbəkistan və Qazaxıstanda müxbir məntəqələri fəaliyyət göstərir. 2013-cü ildən isə Ərəb ölkələri və Şimali Afrika bürosu fəaliyyətə başlayıb.

2004-cü ilin fevralından AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edilib. «Teleradio» İstehsalat Birliyi mütəxəssislərinin teleqüllə kompleksində rəqəmsal TV – Up-link stansiyasını quraşdırması nəticəsində Azərbaycan Televiziyasının verilişləri Avropaya «Hot Bird» və «SESAT», Şimali Amerikaya «Galaxy 25», Asiyaya «Turksat 1C» peykləri vasitəsilə yayılır. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə Azərbaycan Televiziyası «Avropa keyfiyyəti» medalına layiq görülmüşdür.

Azərbaycan Teleradiosuna peşəkar yaradıcı heyət və menecerlərdən ibarət komanda rəhbərlik edir. Təsadüfi deyil ki, Azərbaycan televiziya və radiosunun yarıməsrlik yubileyi ərəfəsində bir çox teleradio jurnalistimiz və rejissorumuz müxtəlif dövlət mükafatlarına - fəxri adlara, orden və medallara layiq görüldülər.

Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir.

Azərbaycan Televiziyasının fəaliyyətini iki mərhələyə bölmək olar: müstəqilliyə qədərki və sonrakı dövrlər.

Başlanğıc

Azərbaycan Televiziyası radiodan düz 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bu, Stalin rejimindən qurtuluş tapan sovet cəmiyyətində aşkarlığın rüşeymlərinin yenicə yaranan dövrünə təsadüf edirdi.

Bakı Televiziya Mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı.

İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova göründü. Çıxışına «Göstərir Bakı!» kəlməsi ilə başlayan Nəcibə xanım tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Sonra «Bəxtiyar» bədii filmi nümayiş etdirildi.

Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı.

İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu.

1957-ci ildən Azərbaycan Televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı.

1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı.

70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-cı ilin yanvarından isə televiziyamız 24 saatlıq fasiləsiz yayıma keçdi.

Televiziyanın statusu

1956-cı ildə Bakı Televiziya Studiyası və Radioinformasiya İdarəsi ayrılıqda fəaliyyət göstərirdi.

1957-ci ilin oktyabrında Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılan televiziya qurumu Radioinformasiya idarəsi ilə birləşdirildi və Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırıldı.

1970-ci ildə isə bu qurum Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu aldı.

1991-ci ildə komitə şirkətə çevrildi.

2003-cü ilin iyunundan Azərbaycan Dövlət Televiziyasının tərkibində olan Naxçıvan televiziyası müstəqil surətdə fəaliyyət göstərməyə başladı.

2005-ci ildən isə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə şirkət «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinə çevrildi.

Sədrlər

1956-cı ildə Bakı Televiziya Studiyasına Ənvər Əlibəyli, Radioinformasiya İdarəsinə isə Israfil Nəzərov rəhbərlik edirdilər.

1957-ci il mayın 16-da Teymur Əliyev Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin sədri, Nəsir Imanquliyev isə sədrin birinci müavini təyin edildi.

1965-ci ildə T.Əliyev Azərbaycan KP MK-da yeni vəzifəyə təyin edildiyi üçün Teleradio Komitəsinin sədri Ənvər Əlibəyli oldu.

1969-cu ildə qəfildən dünyasını dəyişən Ənvər Əlibəylini Imran Mirzəyev əvəz etdi. Onun sədrliyi 11 ay çəkdi.

1970-ci ilin yanvarında Teleradio Komitəsinin sədri vəzifəsinə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri Qurban Yusifzadə təyin edildi. O, bu vəzifəni 1982-ci ilə qədər icra etdi.

1983-cü ildə sədr vəzifəsinə Elşad Quliyev təyin olundu. 1990-cı il 20 Yanvar hadisəsindən sonra E.Quliyev vəzifəsindən istefa verdi.

1990-cı il yanvarın 27-də onu Qeysər Xəlilov əvəzlədi. O, bu vəzifəni 1991-ci ilin noyabrına qədər icra etdi.

1991-ci ilin noyabrından 1992-ci il martın 6-na kimi Teleradio Şirkətinə Məmməd Murad rəhbərlik etdi.

1992-ci il martın 7-də Elşad Quliyev yenidən Teleradio Şirkətinə sədr təyin olundu və o, 1992-ci il mayın 14-nə qədər bu quruma başçılıq etdi.

1992-ci il mayın 14-də hakimiyyətə 1 günlük müddətə qayıtmış Ayaz Mütəllibov Şirkət rəhbərliyinə yenidən Məmməd Muradı qaytardı, amma o, həmin postda yalnız 1 gün qala bildi.

1992-ci il mayın ortalarında hakimiyyətə gəlmiş Xalq Cəbhəsi Teleradio Şirkətinə şair Məmməd İsmayılı sədr təyin etdi.

1993-cü ildə Məmməd İsmayılı Babək Məmmədov əvəz etdi. O, 1996-cı il sentyabrın 5-də tutduğu vəzifədən azad edildi.

1996-cı ilin sentyabrında Teleradio Şirkətinə Nizami Xudiyev sədr təyin edildi. 2006-cı ilin iyununda ölkə prezidenti İlham Əliyevin əmri ilə N.Xudiyev «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edildi.

2006-cı il avqustun 16-da prezident İlham Əliyevin sərəncamı ilə «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov təyin edildi.

2019-cu il yanvarın 15-də prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri vəzifəsindən azad edildi.

Hazırda bu vəzifəni tanınmış jurnalist Rövşən Məmmədov icra edir.

İlk diktorlar

1956-cı ilin mayında ekranda ilk diktorlar göründülər. Onların arasında Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva, Nizami Məmmədov var idi.

Sonradan televiziyada istedadlı diktorlar nəsli yetişdi: Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Aygül Qaradağlı, Dilarə Səlimova, Rafiq Həşimov...

Teleqüllə

1956-cı ildə teleqüllənin inşası hələ başa çatmamışdı. Ona görə də Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunun borusu üzərində quraşdırılmışdı.

1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi. O zaman qüllənin vasitəsilə ötürülən verilişlərə yalnız paytaxtda və onun ətrafında baxmaq mümkün idi.

1960-cı ildə Bakı–Ağstafa radiorele xəttinin istismara verilməsi ilə televiziya retranslyasiya stansiyaları Göyçay–Gəncə–Ağstafa məntəqələrində fəaliyyətə başladı. Bunun nəticəsində Azərbaycanın əksər rayon mərkəzlərində və yaşayış yerlərində televiziyaya baxmaq imkanı yarandı.

1961-ci ildə Gəncədə, Göyçayda və Şuşada güclü televiziya stansiyalarının işə düşməsi Bakıdan yayılan verilişləri Xanlar, Goranboy, Yevlax, Mingəçevir, Ağcabədi və Dağlıq Qarabağda maneəsiz qəbul etməyə imkan verdi.

1962-ci ilin yanvarında Naxçıvanda qurulan kiçik televiziya stansiyasının sayəsində Muxtar Respublikanın da əhalisi televiziya verilişlərini izləyə bildi. 1963-cü il martın 12-də işə düşən Naxçıvan studiyası öz proqramlarını bu stansiyanın vasitəsi ilə yerli əhaliyə nümayiş etdirməyə başladı.

1964-cü il yanvarın 31-də Bakı–Moskva radiorele xəttinin istifadəyə verilməsi ilə Azərbaycan əhalisi Moskvadakı Mərkəzi televiziyanın proqramlarına, «Intervideniye» və «Evrovidenie»nin verilişlərinə baxmaq imkanı əldə etdi.

Proqram saatının artırılması, qabaqcıl texnologiyanın rabitə və telekommunikasiya sistemində tətbiq olunması yeni teleqüllənin ucaldılmasını tələb edirdi. 1979-cu ildə Rabitə Nazirliyi Bakıda 310 metrlik teleqüllənin tikilməsi üçün fəaliyyətə başladı. Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi 1996-cı il iyunun 7-də istifadəyə verildi.

Hazırda Azərbaycan Televiziyasının yayımladığı verilişlərə tamaşaçılar nəinki vətənimizin hər bir şəhər və kəndində, ən ucqar yerlərində, həmçinin dünyanın bir çox ölkələrində də baxa bilirlər.

Texniki imkanlar

1956-cı il sentyabrın 2-nə qədər Bakı studiyası artıq 100-ə qədər bədii film göstərmişdi. Bakı tamaşaçılarına «Sovet Azərbaycanı», «Elm və texnika», «Xarici xronika», «Pioner» adlı kino jurnalları təqdim olunurdu. Moskvadan və SSRI-nin digər respublikalarından ölkəmizə qonaq gələn sənət adamları tez-tez Bakı studiyasından çıxış edirdilər.

 İlk dövrdə Bakı studiyası 30 kvadratmetrlik iki otaqdan ibarət idi. Yarıdan bölünmüş otaqların birində kino aparatları quraşdırılmışdı, o birindən isə diktorların və kiçik musiqi qruplarının çıxışları təşkil olunur, efirə verilirdi.

Studiyada yalnız 1 studiya telekamerası, eləcə də kinofilmlər və diapozitivlər nümayiş etdirmək üçün kinoproyeksiya zalında iki kamera yerləşdirilmişdi. Üç kameradan biri diktor, yaxud çıxışçı, digər ikisi isə film üçün idi. Studiyadakı kamera sıradan çıxdıqda, diktorun təsviri və mətni kinoproyeksiya otağından verilirdi.

1957-ci ildən STS-52 səyyar televiziya stansiyasının işə salınması studiyadankənar verilişlərin hazırlanmasına imkan yaratdı.

1957-ci il iyunun 9-da ilk dəfə Respublika stadionundan futbol oyunu translyasiya edildi. Stadiondan reportajı radiojurnalist Valid Sənani aparırdı. İyunun 28-də isə həmin stadiondan tələbə və gənclərin festivalı göstərildi. Akademik Dram, Opera və Balet teatrlarından, Filarmoniyadan, digər konsert salonlarından birbaşa yayımlara başlanıldı.

1958-ci ildə Leninqraddan (indiki Sankt-Peterburq) o dövr üçün müasir texniki vasitə sayılan səkkizkanallı avadanlıq alındı, televiziya mərkəzində yenidənqurma işlərinə başlanıldı.

60-cı illərin ortalarından studiyalarda yeni texnologiya tətbiq edildi.

1965-ci ildən çəkiliş pavilyonunda istifadə olunan KMZI-4 videoyazı texnikası tamaşaların videomaqnit lentinə köçürülməsinə şərait yaratdı.

1970-ci ilə qədər yerli efir məkanında video texnikasının olmaması televiziyanın inkişafını ləngidirdi. 1970–72-ci illərdə çəkilişlər kinokameranın 16 millimetrlik lenti ilə aparıldıqdan sonra informasiya proqramlarında reportajların göstərilməsinə başlanıldı. Təkmilləşdirilmiş «Kadr-2» video sistemi isə montaj üçün əlverişli şərait yaratdı.

1970-ci ildən Moskva televiziyası proqramları rəngli yayımlamağa başladı. Azərbaycan televiziyası isə 1973-cü ildən yalnız Bakıda rəngli yayıma keçə bildi. 70-ci illərin ortalarından KADR-3R videmaqnitofonundan istifadəyə başlanılması keyfiyyətli elektron montajına şərait yaratdı.

1970–1980-ci illərdə videotexnika efirə geniş yol açdı.

1985-ci ildə Azərbaycan Televiziyası texniki təchizatına, film istehsalı və müxtəlif proqramlarla Mərkəzi televiziyadakı çıxışlarına görə SSRI-də 4-cü yerə çıxdı.

1981-ci ildən 1991-ci ilə qədərki dövrdə o zaman üçün ən qabaqcıl sayılan texniki vasitələr televiziya məkanına yol açdı. Texniki imkanların genişlənməsi verilişlərin keyfiyyətini ildən-ilə yüksəltdi, yeni formalar axtarıb tapmağa kömək etdi. Videokameraların vasitəsilə çəkilişlər aparmaq, montaj etmək, həm də birbaşa efirə çıxmaq mümkün oldu.

Hazırda Azərbaycan Televiziyası rəqəmsal istehsalata keçmişdir.

Verilişlər

İlk illərdə «Azərbaycan bəstəkarlarının portretləri», «Ədəbiyyat və incəsənət», «Azərbaycan ədəbiyyatının klassikləri», «Görkəmli səhnə ustaları», «Bakının teatr və konsert salonlarında», «Lenin mükafatı laureatları», «Məktəb və həyat», «Xalq drujinaçısı», «Bizim qonaqlarımız», «Festival qarşısında» və s. bu kimi informasiya xarakterli verilişlər efirə çıxırdı.

1958-ci ildən başlayaraq proqramlarda publisistik janra üstünlük verildi, reportajların sayı artdı. Bayram tədbirlərindən, iclaslardan, görüşlərdən birbaşa yayımlar reportajları zənginləşdirən amilə çevrildi.

60-cı illərin sonundan proqramların texniki təminatının yaxşılaşdırılması ilə yanaşı, maraqlı müəllif və rejissor axtarışları da nəzərə çarpırdı.

Azərbaycan Televiziyası xəbərlər buraxılışını 1960-cı ildən efirə verməyə başlayıb. İlk dövrdə bu veriliş «Günün yenilikləri» adlanırdı. Həmin ilin aprelindən informasiya buraxılışı «Son xəbərlər» adı ilə həftədə 5 dəfə təqdim edilir. İrihəcmli xəbərlər proqramının nümayişi isə Mərkəzi televiziyanın «Vremya» («Zaman») informasiya proqramının yaranışından sonraya təsadüf edir. 1967-ci ildə «Günün ekranı» xəbərlər proqramı efirə çıxdı. Bu proqram ölkədə və dünyada cərəyan edən ən mühüm hadisələri, rəsmi məlumatları və görüşləri tamaşaçılara çatdırırdı.

1960–70-ci illərdə yerli televiziyada «Odlar diyarı», «Dostluq», «Zaman və biz», «Yaddaş: Tarixin səsi» «Sənayemizin üfüqləri», «Tələbə klubu», «Şən və hazırcavablar klubu» kimi verilişlər yaranmışdı.

1960-cı il dekabrın 31-də ilk dəfə «Sizinlə birlikdə» Yeni il proqramı nümayiş olundu. Canlı olaraq 2 saatdan artıq davam edən verilişdə musiqi, müsahibə, təbriklər, səhnəcik, bir neçə müəssisədən çəkilmiş süjet və söhbətlərdən istifadə edildi. Proqramın müəllifi və rejissoru Kərim Kərimov, aparıcısı isə xalq artisti Möhsün Sənani idi.

70-ci illərin sonunda ekranda «İnsan və qanun», «Ədəbiyyat və zaman» «Valideynlər, sizin üçün», «Hünər», «Tələbə klubu» «Sağlamlıq», «İncəsənət», «Hekayə axşamı», «Yumoristik novellalar», «Necəsən, gənc dost?», «Yeddinci qitə», «Yaşıdlar», «Məktəblilərin rəqs salonu», «Kamillik» kimi maraqla izlənən verilişlər vardı.

70-80-ci illərdə televiziya jurnalistikası sahəsində Ələkbər Abbasov, Tofiq Axundov, Zeynal Məmmədli, Nadir Abdullayev, Qərib Əhmədli, Telman Qafarov, Tamilla Aşumova, Nadejda İsmayılova, Telli Əliyeva, Tofiq Abbasov, İlqar Qasımov, Osman Mirzəyev, Samir Əsgərxanov, Famil İsmayılov kimi jurnalistlər fəaliyyət göstərirdilər. Onlar yeni forma və üslub nümayiş etdirməyə çalışırdılar.

80-ci illərdə Azərbaycan Televiziyasında 50 adda veriliş yayımlanırdı. Onların arasında «Günün ekranı», «Aşkarlıq», «Sizin istəyinizlə», «Arzular», «Səhər görüşləri», «Komediyalar aləminə səyahət», «Dialoq», «Dalğa», «Açıq-aşkar», «Aktual söhbət», «Publisist», «İnam», «Dünyaya pəncərə» «Çay dəstgahı» və s. verilişlər var idi. Vaqif Səmədoğlunun «Caz aləmində», Mehdi Məmmədovun «Rampa», Xudu Məmmədovun «Evrika», Kamal Abdullanın «Qoşma», Ayaz Salayevin «Retro», Aleksandr Qriç və İntiqam Qasımzadənin «Bayatı» ədəbi almanaxı kimi verilişlər tamaşaçılar arasında böyük rəğbət doğurmuşdu.

80-ci illərdə AzTV-də «İdman verilişləri» baş redaksiyası yaradıldı, futbol oyunlarından reportajlar hazırlayan şərhçi nəsli yetişdi. Onların arasında Çingiz Ismayılov, Aydın Əliyev, Aqşin Kazımzadə, Ələkbər Abbasov, Nicat Rəhimov kimi idman jurnalistləri var idi. Bundan başqa «Şahmat məktəbi», «Səhər gimnastikası» adlı yeni proqramlar yarandı. Gimnastika hərəkətləri tanınmış pianoçular Gülarə Əliyeva və Zaur Rzayevin ifası ilə müşayiət olunurdu. Zaman ötdükcə AzTV səhər idman proqramlarını təkmilləşdirdi. Mərkəzi televiziyada olduğu kimi, studiyaya müxtəlif gimnast qrupları dəvət edilirdi. Keçən əsrin sonlarında isə hətta aerobika məşğələləri təşkil olundu.

«Teleteatr»

1956-cı ilin iyulunda Nəriman Nərimanovun «Şamdan bəy» əsərindən rejissor Rauf Kazımovskinin ekran quruluşu verdiyi bir neçə epizod göstərildi. Daha sonra Məhərrəm Əliyevin «Sən gözəlsən», Süleyman Sani Axundovun «Laçın yuvası» pyesi və Mehdi Hüseynin «Səhər» romanı əsasında hazırlanmış tamaşalar təqdim edildi.

1960-cı illərin ortalarında «Şəlalə» televiziya teatrı yaradıldı. Həmin dövrdə Adil İsgəndərov, Məhərrəm Haşımov, Rauf Kazımovski, Ağəli Dadaşov, Arif Babayev, Kamil Rüstəmbəyov, Lütfi Məmmədbəyov, Ağakişi Kazımov, İsmət Səfərəlibəyov, Tahir Tahirov, Kərim Kərimov kimi rejissorlar ekranda sanballı tamaşalar yaratmaqla televiziya teatrının inkişafına xidmət göstərdilər.

Bir sıra ekspertlərin “Televiziyanın Paqaninisi” adlandırdıqları Arif Babayev isə tamaşanı televiziya üslubunda hazırlayan ilk rejissor sayılır. O, bunun əsasını Konstantin Paustovskinin povesti üzrə hazırladığı «Qar» teletamaşası ilə qoydu.

Rauf Kazımovskinin 1975-ci ildə M.F.Axundovun eyniadlı əsəri əsasında çəkdiyi «Aldanmış kəvakib» tamaşası ictimaiyyət arasında böyük maraq doğurdu.

70-80-ci illərdə Azərbaycan Televiziyasında Bünyad Məmmədov, Ramiz Həsənoğlu (Mirzəyev), Tariyel Vəliyev və digər rejissorlar öz fəaliyyətləri ilə diqqəti cəlb etdilər. Ramiz Həsənoğlu Anarın «Ötən ilin son gecəsi», «Mən, sən, o və telefon», «Dindirir əsr bizi», «Evləri köndələn yar», Ruhəngiz Qasımovanın «Yollar kəsişəndə», Hüseyn Cavidin «Topal Teymur», Rauf və Zəminə Hacıyevlərin «Ordan-burdan», Vaqif Səmədoğlunun «Yaşıl eynəkli adam» əsərlərinə quruluş verdi. Tariyel Vəliyevin Aslan Qəhrəmanovun əsərləri əsasında çəkdiyi «Səni axtarıram», «Bağışla», «Səndən xəbərsiz» tamaşa-serialı ictimaiyyət arasında geniş maraq doğurdu.

80-ci illərdə İ.Əfəndiyevin «Sən həmişə mənimləsən», «Atayevlər ailəsi», M.Hüseynin «Alov», M.Cavaxişvilinin «Günahsız Abdulla», İ.Məlikzadənin «Qatarda», Aleksey Dudarevin «Astana», M.Süleymanlının «Kökdən düşmüş piano», K.Qoldoninin «Mehmanxana sahibəsi», A.Arbuzovun «Köhnə dəbli komediya» kimi tamaşalara da ekran həyatı verildi.

1993-cü ildə televiziya teatrının inkişaf etdirilməsi məqsədilə «Sabah» Yaradıcılıq Birliyi yaradıldı. Birliyə rejissor Ramiz Həsənoğlu rəhbər təyin olundu. «Sabah» ilkin olaraq Cəlil Məmmədquluzadənin «Kamança» pyesinin motivləri əsasında televiziya tamaşası hazırladı. Daha sonra «Ac həriflər», «Anamın kitabı», «Yurd yeri», «6№-li palata», «Məhbus», «Şəkilçi», «Bala, başa bəla», «Kral ölür», «Gecə», «Qayalarda qalan səs», «Yarımştat», «Kleopatra», «Fatehlərin divanı», «Nigarançılıq», «Dədə Qorqud», «Yumurta», «Nekroloq», «Dəvətnamə» kimi populyarlıq qazanan əsərlərə quruluş verildi.

«Azərbaycantelefilm» Yaradıcılıq Birliyi

Artıq 1958-ci ildən başlayaraq Bakı Televiziyasında çalışan rejissor və operatorlar sənədli televiziya filmləri çəkməyə başladılar. 1960-cı ildə kinorejissor Kamil Rüstəmbəyov Səməd Vurğunun eyniadlı poemasının ssenarisi əsasında «Aygün» bədii televiziya filminin çəkilişinə başladı. Filmin operatoru Əlihüseyn Hüseynov, rəssamı Fikrət Əhmədov, bəstəkarı Zakir Bağırov, səs operatoru Ağahüseyn Kərimov idi. Film ilk dəfə 1961-ci ildə Bakı televiziyasında nümayiş etdirildi. Kamil Rüstəmbəyov Azərbaycan kino tarixinə ilk bədii televiziya filminin rejissoru kimi daxil oldu.

1965-ci ildə rejissor Rasim İsmayılov «Danışan işıqlar» adlı ilk çizgi televiziya filmini çəkdi. Filmin operatoru Vaqif Behbudov, rəssamı Rafiz İsmayılov, bəstəkarı Ruhəngiz Qasımova idi.

1968-ci ildə fəaliyyətə başlayan «Ekran» Yaradıcılıq Birliyi həmin illərdə bədii, sənədli, portret, cizgi filmlərinin yaradılmasında mühüm rol oynadı. 1973-cü ildə bu qurumun adı dəyişdirilərək «Azərbaycantelefilm» Yaradıcılıq Birliyi oldu.

Daha sonra «Xəzərdə möcüzə», «Üzeyir Hacıbəyov», «Xalq nəğməkarı», «Toğrul Nərimanbəyov», «Dənizdə şüa» və s. filmlər yarandı.

Telefilmin ilk dövrlərində yaradıcılıq uğurlarının qazanılmasında A.Babayev, K.Rüstəmbəyov, R.Kazımovski, N.Həsənov, N.Şıxəliyev, A.Çeçikov, S.Əliyev, İ.Kərimov, A.Qazıyev, E.İbrahimov kimi rejissor, ssenarist, kinooperator və səs rejissorlarının xüsusi rolu olmuşdur.

Rauf Kazımovski «Bəşir Səfəroğlu» və «Aktrisanın təbəssümü», Arif Qazıyev «Toy» etnoqrafiya, F.Əmirov, Q.Qarayev, Z.Xanlarova haqqında portret, Teymur Bəkirzadə T.Salahov haqqında «Axtarış həvəsi», Ramiz Axundov «Bu, Səttar Bəhlulzadədir» qısametrajlı, Nazim Abbasov «Müşfiq» filmlərini lentə aldılar. Daha sonra «Buxta üzərində günəş», «Abşeron mahnıları», «Bakı arxipelaqı», «Həyat romansı», «Şövkətin mahnıları» kimi filmlər yaradıldı.

Rejissor Nazim Rzayevin Xəzərin ekologiyasından bəhs edən «İnsan Xəzəri xilas edir» filmi 1969-cu ildə Klaypeda, 1970-ci ildə isə Riqada keçirilmiş sənədli televiziya filmləri festivalında xüsusi mükafatlara layiq görüldü.

1970-ci ildə Heydər Əliyevin göstərişi ilə televiziyanın maddi-texniki təchizat bazasını möhkəmləndirmək məqsədilə kinokompleks inşa olundu. Kinobazanın mövcudluğu çoxlu sayda sənədli televiziya filmlərinin çəkilişinə şərait yaratdı.

Müstəqillik dövründə ölkəmizin ekran salnaməsini yaradan «İşğal», «Qaçqınlar», «Azərbaycan faciəsi» kimi sənədli filmlər çəkildi. Hər üç filmin rejissoru Nazim Abbasdır. Heydər Əliyev, Süleyman Dəmirəl kimi siyasi xadimlərə, Şövkət Ələkbərova, Xəlil Rza, Cövdət Hacıyev kimi sənətkarlara həsr olunmuş portret filmlər çəkildi.

2008-ci ilə kimi «Azərbaycantelefilm»də 800 saat həcmindən çox sənədli televiziya filmləri istehsal olunub. Müxtəlif janrlarda hazırlanmış bu televiziya filmlərinin əksəriyyəti kinolentə çəkilib, qalan hissəsi isə videolentə alınıb. Hazırda televiziyanın fondunda xalqımızın tarixinə, etnoqrafiyasına, mədəniyyətinə, incəsənətinə, elm və sənət xadimlərinə həsr olunmuş yüzlərlə sənədli televiziya filmləri qorunub saxlanılır.

Müstəqilliyə aparan yol

1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi, bu məsələ ətrafında cərəyan edən hadisələr dövrü Azərbaycan Televiziyası üçün əsl sınağa çevrildi. Kommunist Partiyasının nəzarəti altında fəaliyyət göstərdiyindən və SSRİ daxilində başlayan münaqişəyə hazır olmadığından Azərbaycan Televiziyası informasiya siyasətini düzgün qura bilmədi. Separatçıların Xankəndidə keçirdiyi fasiləsiz mitinqlər barədə qısa xəbəri Azərbaycan Televiziyası yalnız 10 gündən sonra – «yuxarı»nın icazəsi ilə «Qarabağda yaranmış durum» adı altında efirə verdi. Sov.İKP Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun və Mərkəzi Komitə üzvlərinin Azərbaycana qarşı tutduqları ədalətsiz mövqeyə qarşı Bakıda başlayan kütləvi nümayişlər zamanı da meydandan birbaşa yayıma TV iki gün gec başladı. Bu isə AzTV rəhbərliyinin Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirovun iradəsinin əleyhinə çıxması nəticəsində mümkün oldu. Azərbaycan Televiziyasının əməkdaşları da xalqla birlikdə Qorbaçovun antiazərbaycan siyasətinə və Azərbaycanın o zamankı rəhbərliyinin milli maraqlardan uzaq olan davranışına və addımlarına qarşı çıxaraq Azərbaycan Konstitusiyasına, beynəlxalq hüquq normalarına əməl edilməsini, erməni separatçılarının qanunsuz hərəkətlərinin qarşısının alınmasını tələb edirdilər. Azərbaycan Televiziyası ilə çıxış edən siyasi icmalçılar Kremlin Azərbaycana qarşı apardığı siyasətin mahiyyətini, respublikamızda yaranmış idarəolunmaz ictimai-siyasi vəziyyəti, xalqın haqlı tələblər irəli sürdüyünü cəsarətlə dilə gətirirdilər. Moskvadan gələn emissarların Azərbaycan Televiziyası vasitəsilə Kremlin Bakıya qoşun yeritməyəcəyi və fövqəladə vəziyyət elan etməyəcəyi barədə vədlərinə baxmayaraq, 1990-cı il yanvarın 19-da saat 19:26-da Azərbaycan Televiziyasının enerji bloku partladıldı.

Azərbaycan Televiziyasının yayımını yalnız yanvarın 28-də bərpa etmək mümkün oldu. Qara kostyumda və qalstuksuz efirə çıxan diktor Rafiq Hüseynov Sovet Ordusu tərəfindən 131 dinc oğlu və qızı qətlə yetirilən xalqımıza başsağlığı verdi.

Lakin televiziyamız hərbçilərin nəzarəti altında olduğu üçün efirə yalnız hərbi senzorun «qayçı»ladığı məlumatlar, veriliş və proqramlar gedirdi. Bu cür vəziyyət 1991-ci ilin sentyabrına qədər davam etdi. Moskvada baş verən dövlət çevrilişi – QKÇP-dən sonra isə Kremlin Azərbaycana təyin etdirdiyi prezident Ayaz Mütəllibov Sovet Ordusunun dəstəyindən məhrum oldu və postsovet məkanında respublikaların müstəqil dövlətə çevrilməsi qarşısıalınmaz proses halı aldı.

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi və Azərbaycan Televiziyası əyalət telekanalından müstəqil dövlətin əsas televiziyasına çevrildi.

Müstəqilliyin çətin yollarında Azərbaycan Televiziyası da itkiyə məruz qaldı. 1991-ci il noyabrın 20-də Qarabağın Qarakənd kəndi yaxınlığında Azərbaycan rəsmilərinin içərisində olduğu vertolyot partladılarkən Azərbaycan televiziyasının jurnalisti Alı Mustafayev, operatoru Fəxrəddin Şahbazov və 19 yaşlı işıqçısı Arif Hüseynzadə də həlak oldular. Daha sonra ilk addımlarını Azərbaycan Televiziyasında atan reportyor Çingiz Mustafayev cəbhə bölgəsində aldığı güllədən dünyasnı dəyişdi.

1991-ci ilin sonlarında telekanalda Rusiya teleməkanında gedən proseslərin təsiri altında islahatlar aparıldı: redaksiyaları studiyalar, diktorları isə aparıcılar əvəz etdi; «24 saat» İnformasiya proqramının məzmun və formasında dəyişikliklər edildi; «1000 saniyə» adlı gecə informasiya proqramı, «215 KL studiyası təqdim edir», «Xoş gördük», «Qulp» və sair verilişlər efirə çıxdı.

1992-ci ilin əvvəlindən ölkədə ictimai-siyasi vəziyyətin ağırlaşması, Dağlıq Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatların miqyasının genişləndirilməsi, Rusiya hərbçilərinin bilavasitə iştirakı ilə Xocalı soyqırımının törədilməsi, Şuşa və Laçının işğalı, 1992-ci il mayın 15-də Mütəllibovun AXC hakimiyyəti ilə əvəzlənməsi AzTV daxilində gedən proseslərə də öz təsirini göstərdi. Təkcə onu demək kifayətdir ki, 1991-ci ilin sonundan 1992-ci il mayın sonuna qədər olan müddətdə AzTV-də 4 sədr dəyişdirilmişdi.

Bu dövrdə müxtəlif siyasi qüvvələrin tələbi ilə efir vaxtı istənilən an dayandırılır və bəyanatlar verilirdi. 1993-cü il martın sonunda televiziyada birbaşa efir dəqiqələrində – baş nazir Pənah Hüseynovla AMİP təmsilçilərinin debatı zamanı Daxili işlər naziri İsgəndər Həmidov studiyaya girərək müxalifət nümayəndələrini və televiziya əməkdaşlarını təhqir etdi. Bu hadisə ictimaiyyətin böyük narazılığına səbəb oldu. 1992–1993-cü illərdə hərbi-vətənpərvərlik ideyalarına, eləcə də milli dəyərlərə bəsit yanaşma tərzi televiziyanın nüfuzunun getdikcə aşağı düşməsinə gətirib çıxardı.

1993-cü il iyunun 4-də Gəncədə cərəyan edən hadisələr zamanı əhalinin düzgün məlumatlandırılması baxımından televiziya çox mühüm rol oynadı. Məlum hadisələr zamanı Bakıya dəvət olunmuş Heydər Əliyevin müsahibələrinin, bəyanatlarının, Milli Məclisin iclaslarının canlı yayımına üstünlük verildi. «Talış–Muğan Respublikası» separatizmi, 1994-ci il oktyabr, 1995-ci il mart hadisələri zamanı da Heydər Əliyev Azərbaycan Televiziyası vasitəsilə ictimaiyyətlə birbaşa ünsiyyət qurdu. Bu böyük siyasətçi dövlətimizə qarşı məkrli plan hazırlayanların çirkin əməllərinin necə məharətlə alt-üst edildiyini ictimaiyyətə nümayiş etdirirdi. 1994-cü il oktyabrın 4-də Heydər Əliyevin televiziya ilə xalqa müraciət etməsi nəticəsində yüzlərlə insan, o cümlədən müxalifətçilər də Prezident Aparatının qarşısına yığışaraq ölkə prezidentinin siyasi kursunu müdafiə etdiklərini birmənalı şəkildə bəyan etdilər. İctimaiyyət Surət Hüseynovun dövlət çevrilişinə cəhdinə etirazını bildirərək müstəqil dövlətdə, sabitlik və demokratiya şəraitində yaşamağa üstünlük verdiklərini nümayiş etdirdilər. Bu mitinq bütün gecə ərzində Azərbaycan Televiziyası ilə canlı olaraq yayımlandı. Ertəsi gün Azərbaycan Televiziyasının səyyar kameraları Azadlıq meydanında davam edən mitinqi bütün ölkəyə çatdırdı.

Ölkədə sabitlik möhkəmləndikcə televiziyada yeni verilişlər yaradılmağa başlandı: «Postskriptum», «Bura Vətəndir», «Milli qəhrəmanlarımız», «Bakı studiyası təqdim edir», «Həyat», «Gizli və aşkar», «TV kuryer», «Məmləkətim», «Avtoqraf» və s.

2000-ci illərdə Azərbaycan Televiziyasının xarici ölkələrdəki müxbir məntəqələrinin sayı artırıldı.

Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli filmlər nümayiş etdirilir.

Azərbaycan Televiziyasının Heydər Əliyev Fondunun dəstəyilə, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında keçirdiyi «Muğam Televiziya Müsabiqəsi-2007» isə nəinki Azərbaycanda, hətta ölkəmizdən kənarda yaşayan soydaşlarımızın dərin rəğbətini qazanmışdır.

Bu gün isə Azərbaycan Televiziyası öz inkişafının tamamilə yeni mərhələsinə qədəm qoyur, yeni-yeni redaksiyalar, proqramlar yaradılır, gənc, peşəkar kadrlar yaradıcılıq prosesinə cəlb olunur, yeni studiyalar qurulur, ən əsası isə yeni, müasir yanaşma müşayiət olunur.

Nailiyyətlər

Azərbaycan Teleradiosuna peşəkar yaradıcı heyət və menecerlərdən ibarət komanda rəhbərlik edir. Təsadüfi deyil ki, Azərbaycan Televiziya və Radiosunun yarıməsrlik yubileyi ərəfəsində bir çox teleradio jurnalistimiz və rejissorumuz müxtəlif dövlət mükafatlarına – fəxri adlara, orden və medallara layiq görüldülər.

Yalnız 2006–2007-ci illərdə göstərdiyi fəaliyyətə görə Azərbaycan Televiziyası müxtəlif dövlət strukturlarının, ictimai təşkilatların onlarca mükafat və diplomlarına layiq görülüb.

Türkiyənin Yıldırım bələdiyyəsinin təşkil etdiyi Aşıqlar bayramının, Uluslararası Yunus Əmrə kültür və sənət həftəsinin işıqlandırılmasına, Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində İqdır vilayətinin inkişafı ilə bağlı «Gələcəyə aparan yol» sənədli filminin ərsəyə gəlməsində əhəmiyyətli xidmətlərinə görə AzTV Yıldırım və İqdır bələdiyyələrinin, Əskişəhər valiliyinin rəsmi təşəkkürünü qazanıb.

Teleməkanda yerimiz

Qürurla demək olar ki, Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu BİRİNCİlik müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib.

1991-ci ildə məhz Azərbaycan Televiziyası rəhbərliyinin təşəbbüsü ilə ölkə teleməkanında ilk özəl studiya kimi tarixə düşən «215 KL» adlı qrup fəaliyyətə başladı. Həmin studiya Azərbaycan televiziyasının tərkibində və onun daxili vəsaiti hesabına yaradılmışdı.

Sonra bu qrup ANS adı ilə məhz Azərbaycan Televiziyasının binasında müstəqil studiya kimi fəaliyyətə başladı. 1992-ci ilin martında bu studiyanın ilk proqramı olan «Xəbərçi» Azərbaycan televiziyasının proqramları tərkibində efirə çıxdı. 1994-cü ilin mayında ANS müstəqil kanala çevrildi...

Sonrakı illərdə Azərbaycan televiziya və radiosunda yetişən peşəkar televiziyaçılar «Space», «Lider»,  İTV kanallarının yaradılması prosesində yaxından iştirak etmişlər. Azərbaycan Televiziyası elə bir məktəbdir ki, bu gün onun hətta təqaüdə çıxmış kadrları da bir sıra özəl kanallar tərəfindən işə cəlb olunurlar.

Azərbaycan Radiosunun fəaliyyətini iki mərhələyə bölmək olar: müstəqilliyə qədərki və sonrakı dövrlər.

Başlanğıc

Azərbaycan Radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» sədası ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycanın siyasi və mədəni həyatında böyük bir yenilik idi.

İlk dövrdə Bakı studiyası indiki İstiqlaliyyət küçəsi 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş İsmailliyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərirdi.

Şəhər yayım şəbəkəsinin mərkəzi məntəqəsi sayılan birinci otaqda bütün divar boyu böyük lampalarla təchiz olunmuş aparatlar qoyulmuşdu.

İkinci otaq studiyaya giriş idi. Efirə çıxmaq üçün dəvət olunanlar burada öz növbəsini gözləyirdilər. Ondan sol tərəfdə kiçik bir kabinə var idi. Bu kabinədən studiyanın içərisini görmək və nəzarət etmək üçün balaca bir pəncərə açılmışdı. Pəncərənin qarşısında adi çamadanın içində qurulan aparat bir tərəfdən studiyanın mikrofonunu, digər tərəfdən isə nəqledici xətti birləşdirirdi.

Üçüncü otaqda döşəməsinə türkmən xalıları salınmış, divarları tünd yaşıl məxmərlə örtülmüş studiya yerləşirdi. Otağın yuxarı tərəfində mizin üstündə kub şəklində bir mikrofon var idi. Studiyanın ortasında «Steinway» royalı qoyulmuş, divarlar boyu stullar düzülmüşdü.

Studiyanın giriş otağından soldakı kiçik otaqda müdir, hesabdar və yazı makinasında işləyən katibə otururdular. Həmin yerdəki B-4 tipli radioqəbuledici aparatın vasitəsilə müdir radio verilişlərinin texniki keyfiyyətini yoxlayırdı.

Radionun statusu

1925-ci il aprelin 22-də Azərbaycan Xalq Komissarları Soveti Bakıda əhatə dairəsi 600 kilometr olan genişyayımlı radio verilişləri stansiyası tikməyi qərara aldı.

1928-ci il mayın 13-də Azərbaycan Xalq Komissarları Soveti radionun Əsasnaməsini təsdiq etdi.

1932-ci ilin aprelində Radio Yayımı orqanı Mərkəzi İcraiyyə Komitəsindən alınaraq Xalq Komissarları Sovetinin tabeliyinə verildi.

1932-ci il iyulun 5-də Azərbaycan MİK Radio Yayımı üzrə Mərkəzi Komitənin yaradılması barədə qərar qəbul etdi.

1933-cü il mayın 5-də Azərbaycan Xalq Komissarları Soveti yanında Radiolaşdırma və Radio Verilişləri Komitəsi yaradıldı.

1939-cu ilin avqustunda Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinə çevrildi.

1953-cü ildə Radioinformasiya Komitəsi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi və Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi adlandırıldı.

1957-ci ildə Radioinformasiya İdarəsi və Bakı Televiziya Studiyası birləşdirilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi yaradıldı.

1970-ci ildə Dövlət Radio və Televiziya Verilişləri Komitəsi təsis edildi.

1991-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi şirkətə çevrildi.

2005-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.

 

RV–47-dən beynəlxalq yayımadək

İlk dövrdə proqramlar zəif sayılan RV-47 stansiyası vasitəsi ilə yayımlanırdı. Studiyadankənar 1 saatlıq veriliş yaymaq üçün 3 gün hazırlıq görülürdü.

1929-cu ildə radiostansiya Bakı Baş Poçt-Teleqraf binasına köçdüyü üçün radio əməkdaşlarının iş şəraiti yaxşılaşır, efirdə patefondan istifadə edilməyə başlanılır, mikrofonlar, gücləndirici aparatlar təkmilləşdirilir. Həmin ilin sonuna yaxın RV-8 stansiyası istifadəyə verilir. Bundan sonra efirə gedən verilişlərin və proqramların forma və məzmununda dəyişikliklər baş verir.

1920–25-ci illərdə yalnız Bakıda təkcə 10 kilovat gücündə 1 ədəd qığılcımlı stansiya işləyirdisə, radionun fəaliyyətə başlamasından bir il sonra respublikada artıq 110 stasionar və 36 səyyar radio qurğusu fəaliyyət göstərirdi. 1930-cu ildə ölkədə cəmi 269 radio yayım məntəqəsi olduğu halda, 1932-ci ilin sonunda onların sayı 20409-a çatmışdı. Həmin dövrdə radio artıq mənzillərə, fəhlə klublarına ayaq açaraq mədəniyyətin inkişafında özünəməxsus rol oynamağa başlamışdı.

1933-cü ildə Azərbaycan Radiosunun gündəlik verilişlərinin həcmi 8,5 saata çatdı. Bu dövrdə texniki vasitələrin inkişafı Azərbaycanın ucqar kənd və rayonlarının sakinlərinə də radioya qulaq asmaq imkanı yaratdı.

1936-cı ildə Bakıda 35 kilovat gücündə yeni radio stansiyasının işə salınması ilə Azərbaycan Radiosunun səsi Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində eşidildi.

1940-cı ilin sonunda ölkə ərazisində radio nöqtələrinin sayı 51 minə çatdırıldı. 32 rayonda yerli radio verilişləri redaksiyaları fəaliyyətə başladı.

1960-cı ilin noyabrında Bakı–Ağstafa radiorele xətti istifadəyə verildi.

1961-ci ildə Gəncə, Göyçay və Şuşada ötürücü stansiyalar işə düşdü.

İlk cığırdaşlar

Əvvəlcə Bakı studiyası öz verilişlərini bir saat ərzində yayımlayırdı. Bir aydan sonra bu verilişlərin həcmi 3 saata çatmışdı.

Verilişlər və konsertlər Azərbaycan, rus və erməni dillərində yayımlanırdı. Gündəlik proqramı radionun ilk müdiri olan Verle özü tərtib edirdi.

Studiyadan əsasən partiya qəzetlərinin baş məqalələri oxunur, partiya konfransları, qurultaylar, konsert proqramları, xanəndələrin çıxışları, elanlar səslənir, verilişlərdə isə ədəbiyyatımızda, incəsənətimizdə baş verən mühüm hadisələr öz əksini tapırdı.

Radionun yaratdığı publisistik və ədəbi dram verilişləri Azərbaycan dilinin qorunmasında, onun inkişaf etdirilməsində böyük rol oynadı. Həftədə bir dəfə axşam saat 9-da tanınmış şairlər mikrofon qarşısında çıxış edirdilər. Efirdə «Satira atəşiylə», «Ədəbiyyatın vəzifələri», «Yeni həyat uğrunda», «Radio saatı» kimi verilişlər səsləndirilirdi.

Binanın Sabir bağına baxan tərəfində, ikinci mərtəbə səviyyəsində quraşdırılmış iri reproduktor vasitəsilə radionun səsi ətraf küçələrə də yayılırdı. Sabir bağında həmişə böyük qələbəlik olurdu, skamyalarda yer tapa bilməyənlər verilən konsertlərə ayaq üstə qulaq asardılar.

1928-ci ildə Bakıya qonaq gələn Maksim Qorki ilə təşkil olunan görüş Elmlər Akademiyasının böyük salonundan radio ilə yayımlanır, Azərbaycan sakinləri görüşdə çıxış edən yazıçının səsini radiodan dinləyirlər.

İlk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak edirdilər. Bədii və musiqili verilişlərin müəllifləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov və başqaları idi.

1927-ci ilin fevral-mart aylarında radioya yeni kadrların cəlb olunması prosesi başlanır. Həmin ilin ortalarında Zülfüqar Hacıbəyov radionun Şərq musiqisi, Presman isə Qərb musiqisi üzrə rəhbərləri təyin olunurlar. Diktor və aktyor qrupları yaradılır.

İlk azərbaycanlı diktorlarımız

Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olurlar.

1927-ci ilin payızında İsmayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilir. Raya İmanzadə ilə Azərbaycan Dövlət Gənclər Teatrının əməkdaşı Ənvər Həsənov 1928-ci ildə radioda diktor kimi fəaliyyətə başlayırlar. Bu dövrdə məşhur şair Hüseyn Natiq (o, II Dünya müharibəsində həlak olmuşdur), Səməd Səmədov (sonralar Buzovna qəsəbəsində birləşmiş xəstəxanada həkim kimi fəaliyyət göstərdi), hərbçi Əsgər Mövsümzadə, əməkdar artist Leyla Terequlova, filoloq Soltan Nəcəfov, şairə Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev də diktor vəzifəsində çalışmışlar.

Azərbaycan Radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdilər.

Müslüm Maqomayev mərhələsi

1929-cu ilin oktyabrında məşhur bəstəkar Müslüm Maqomayev Bakı radiosunun musiqi rəhbəri təyin olunur. Həmin dövrdə Azərbaycan Radiosunun verilişləri Müslüm Maqomayevin bəstələdiyi «RV-8» radio marşı ilə açılırdı. Bu məşhur əsər 1929-cu ilin sonunda işə salınmış RV radiostansiyasına həsr edilmişdi. Marş ilk dəfə elə həmin studiyada ifa olunmuşdu.

1932-ci ildə Müslüm Maqomayev Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrinin yaradılmasına nail oldu. Bu orkestrin yaradılması radionun musiqi proqramlarının inkişafına böyük təsir göstərdi. Bir neçə il sonra məhz həmin orkestrin vasitəsilə Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Əşrəf Abbasov, Ağabacı Rzayeva, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Nəriman Əzimov kimi bəstəkarlar və çoxsaylı musiqiçilər radiodan böyük yaradıcı həyata qədəm qoydular.

Radioda o zamanın məşhur incəsənət xadimləri Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev, Keçəçi oğlu Məhəmməd, Seyid Şuşinski, Hüseynağa Hacıbababəyov, Hüseynqulu Sarabski, Bülbül, Qurban Pirimov, Niyazi, Səltənət Qacar, Zülfü Adıgözəlov, Zülfüqar Sarıyev, Əlövsət Sadıqov, Yavər Kələntərli, Cahan Talışinskaya, Cəvahir Firudinbəyli, Əhməd Bakıxanov, Bəhram Mansurov, Teyyub Dəmirov, Əhəd Əliyev və Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestri çıxış edirdi.

1933-cü il martın 8-i axşam saat 8-də Müslüm Maqomayevin təşəbbüsü ilə radioda «Çahargah gecəsi» adlı muğam konserti təşkil olunur. Konsertdə xanəndələr Cabbar Qaryağdıoğlu, Məşədi Bilal, artistlər Hüseynqulu Sarabski, Zülfi Adıgözəlov, Yavər Kələntərli, Zülfüqar Sarıyev, tarzənlər Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Xosrov Məlikov, kamançaçılar Qılman Salahov, Hafiz Mirzəliyev və başqaları iştirak edirlər. İki saata qədər davam edən konsertdə «Çahargah»ın «Bəstənigar», «Hisar», «Müxalif», «Mənsuriyyə», «Hüzzal» şöbələri və onlara uyğun təsniflər ifa edilir.

Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Yavər və Münəvvər Kələntərlilər, Zülfüqar Sarıyev, Əlövsət Sadıqov və Bikə Səmədzadəni radioda işə məhz Müslüm Maqomayev götürmüşdü. O, radioda ən yaxşı musiqi əsərlərinin səsləndirilməsinə çalışırdı. Radioda verilən 400 musiqi əsəri araşdırılır və onlardan 100-ü saxlanılır. Maqomayev müxtəlif bəstəkarlara yeni mahnılar və əsərlər yazmağı sifariş etməyi də unutmurdu.

Radio və Məmməd Səid Ordubadi

«Ədəbi verilişlər» redaksiyasına rəhbərlik edən M.S.Ordubadi radio üçün şeir, hekayə, felyetonlarla yanaşı, tamaşalar da yazırdı. Hamının böyük məhəbbətlə «Mirzə» deyə müraciət etdiyi ədib aktyorların və diktorların ifa edəcəkləri rolları qabaqcadan müəyyən edirdi. Ordubadinin təşəbbüsü ilə 1931-ci ilin iyun ayında radionun diktorlarından ibarət dram dəstəsi yaradılır. Soltan Nəcəfov, Leyla Terequlova, Məryəm Xudaverdiyeva, Həyat Musayeva, Yelena Orbeliani və Nina Petrova bu dəstənin fəal üzvü olurlar. Dəstəyə Leyla Terequlova rejissorluq edirdi. Dəstə üzvləri kiçik həcmli radio kompozisiyaları, səhnəciklər hazırlayır, bədii qiraətlə məşğul olurdular.

Səhnəciklərə musiqini Müslüm Maqomayev bəstələyirdi. Məmməd Səid Ordubadinin «Aprel gəlini», «İstiqraz», «Çobanlar», «6 nömrəli otaq», Soltan Nəcəfovun «Təchizat parazitləri», «Rot-front», «Orucunuz qəbul!» və «Din tacirləri» kimi səhnəciklərinə efir həyatı verilir.

M.S.Ordubadi radioya Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Seyid Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Mehdi Hüseyn, Sabit Rəhman, Mir Cəlal Paşayev kimi nasir və şairləri cəlb etməklə efirdə yeni əsərlərin tez-tez səslənilməsinə nail olurdu. Artıq 20-ci illərin sonlarında bütün radio məhsulunun üçdə-biri bədii verilişlərdən ibarət idi.

Radionun fəaliyyəti dövründə M.Ə.Sabir, Ü.Hacıbəyov, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, M.Müşfiq, H.Cavid, S.Hüseyn Ə.Cavad, M.C.Paşayev, S.Vurğun, M.Hüseyn, R.Rza, S.Rəhman, İ.Əfəndiyev, B.Vahabzadə, İ.Şıxlı, S.Dağlı, S.Qədirzadə, İ.Hüseynov, Anar, Elçin, H.Seyidbəyli, İ.Qasımov, İ.Məlikzadə və digər görkəmli nasir və şairlərimizin sənət əsərlərinin efirdə səsləndirilməsi ədəbi dilin inkişaf etməsinə, yad təsirlərdən qorunmasına xidmət edib.

«Radioteatr»

1931-ci ildə Azərbaycan Radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi «Radioteatr» yaradıldı. Azərbaycan teatr sənətinin radioya uyğunlaşdırılması prosesi aktyorların fəaliyyət imkanlarının genişlənməsinə səbəb oldu. İstedadlı səhnə ustalarından Abbas Mirzə Şərifzadənin, Mirzağa Əliyevin, Kazım Ziyanın, Ülvi Rəcəbin, Mərziyə Davudovanın, Fatma Qədrinin, Sidqi Ruhullanın, Mustafa Mərdanovun çıxışları dinləyiciləri valeh edirdi.

1931-ci ilin dekabrında H.Cavidin «Şeyx Sənan» pyesi ilk dəfə radioda səsləndirildi. Daha sonra A.S.Puşkinin «Boris Qodunov», C.Məmmədquluzadənin «Ölülər», C.Cabbarlının «Aydın», 1905-ci ildə», «Yaşar», «Sevil», V.Şekspirin «Hamlet», M.F.Axundovun «Hacı Qara», Ə.Haqverdiyevin «Dağılan tifaq» pyesləri dinləyicilərə təqdim edildi. Bu ilk radio tamaşaları birbaşa efirə çıxarılırdı.

1953-cü ildə istehsalat işində maqnit lentinin tətbiqi Radio teatrının inkişafında yeni mərhələ açdı. Bu dövrdə S.Vurğunun «Xanlar», İ.Əfəndiyevin «Bahar suları», Ə.Məmmədxanlının «Şərqin səhəri», İ.Qasımovun «Xəzər üzərində şəfəq» pyesləri montaj edilərək efirdə səsləndirildi. Daha sonra Azərbaycan Radiosunun repertuarını C.Cabbarlının «Almaz» və «1905-ci ildə», N.Nərimanovun «Bahadır və Sona», S.Rəhimovun «Mehman», M.S.Ordubadinin «Qılınc və qələm», N.Qoqolun «Müfəttiş», A.Qriboyedovun «Ağıldan bəla», A.S.Puşkinin «Yevgeni Onegin», İ.Şillerin «Vilhelm Tell», C.Bayronun «Abidos gəlini» kimi əsərləri zənginləşdirdi. Ü.Hacıbəyovun «Arşın mal alan», «O olmasın, bu olsun» musiqili komediyalarının, N.Hikmətin «Kəllə» əsərinin tamaşaya qoyulması da müsbət əks-səda doğurdu. 1958-ci ildə isə Mehdi Məmmədov bu tamaşanı radionun tələblərinə uyğunlaşdırdı. Radio tamaşaları yaradan rejissorlar yetişdi: Əliheydər Ələkbərov, Tofiq Kazımov, Tofiq İsmayılov, Həsən Əbluc, Azərpaşa Nemətov, Rövşən Abdullayev, Nazim Yüzbaşov və başqaları.

30-cu illər…

1932-ci ildə radioda qəzet məqalələrinin oxunması ləğv edilir və bunun əvəzində efirə «Son xəbərlər» proqramı çıxır. Həmin ilin oktyabrında İnformasiya redaksiyası da yaradılır.

1935-ci ildə struktur dəyişikliklərindən sonra radioda «Ədəbi dram», «Kolxozçu radiosu», «Qızıl əsgər» və «Gənclər» redaksiyaları fəaliyyət göstərirdi.

1936-cı il martın 23-dən aprelin 6-dək SSRİ-də ilk dəfə Ümumittifaq Radio Festivalı keçirildi. İttifaq miqyasında ən böyük radio tədbiri olan bu festivalda 28 dildə musiqi proqramları səsləndirildi. Bakı radiosu hər gün təxminən 3 saat Moskvaya qoşularaq bu mədəniyyət tədbirini yayırdı. Azərbaycan Radiosunun festival üçün hazırladığı proqram əsasən Ü.Hacıbəyov və M.Maqomayevin əsərlərindən ibarət idi. Bundan başqa, «Azad olunmuş türk qadınları sarayı» qadın şərq alətləri orkestrinin çıxışları, eləcə də tarzən Qurban Pirimovun müşayiəti ilə xanəndə Hüseynağa Hacıbababəyovun ifasında «Şahnaz» muğamı da proqrama daxil edilmişdi.

1937-ci ildə respublikamızın 12 rayonunda xalq yaradıcılığı festivalı keçirildi. Radio festivalının yekun konsertləri efirə 5 rayondan birbaşa verildi.

1938-ci il iyulun 18-də birinci çağırış Azərbaycan SSR Ali Sovetinin I sessiyasının açılışı da radio ilə yayımlanır.

30-cu illərin ortalarından başlayaraq ictimai-siyasi həyatda gedən proseslər radiodan da yan keçmirdi. Radiodan təbliğat vasitəsi kimi istifadə edən sovet rejimi «danışan səs»i gah qolçomaqlara və digər «sinfi düşmənlərə», gah da «xalq düşmənlərinə» qarşı mübarizədə alət kimi işlətməyə başlamışdı. Cəmiyyətdə hökm sürən qorxu xofu radioda da var idi. Ədəbi ictimaiyyətin sevimlisinə çevrilmiş H.Cavid, M.Müşfiq, S.Hüseyn, Ə.Cavad kimi şair və yazıçıların əsərləri, A.M.Şərifzadənin, Ü.Rəcəbin və digərlərinin səsləri artıq radiodan eşidilmirdi. Jurnalistlər və radio işçiləri hər bir hərəkətlərində, danışıqlarında ehtiyatlı olmağa çalışırdılar…

Müharibə dövrü

Bakı müharibə zonasından uzaqda yerləşsə də, Azərbaycan radiosu II Dünya müharibəsi zamanı gərgin, fövqəladə şəraitdə fəaliyyət göstərməli oldu. 1941-ci il iyunun 22-nə keçən gecə müharibənin başlanmasını Azərbaycan dinləyicilərinə diktor Zəhra Salayeva zirzəmidəki yarımqaranlıq bir otaqdan xəbər verdi.

Azərbaycan Radiosunun işçiləri faşizmlə mübarizədə mikrofonu ən kəsərli silaha çevirdilər: radio buraxılışları çox qısa müddətdə hazırlanır, verilişlər gecə-gündüz ara vermədən yazılır, montaj edilirdi. Həmin dövrdə xəbər buraxılışlarının sayı artmış, Azərbaycan Radiosunun gündəlik verilişlərinin həcmi 5 saat çoxalmışdı. Əsas ağırlıq isə «Son xəbərlər» redaksiyasının üzərinə düşürdü: mühüm məlumatlar, dövlət qərarları 30 dəqiqə ərzində tərcümə edilərək Azərbaycan dilində səsləndirilirdi. Ağır müharibə dövrünün ən sevilən verilişi «Azərbaycan cəbhə üçün» idi. Bu veriliş qələbə gününədək efirdə müntəzəm səsləndirildi. Radio jurnalistləri təkcə xəbərlər və dramatik verilişlər deyil, həm də adamlara təsəlli verən, onları mənəvi cəhətdən gücləndirən proqramlar hazırlayırdılar. Müharibə zonasında Azərbaycan əsgərləri ilə tez-tez görüşlər keçirən S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, M.İbrahimov, M.Hüseyn, Ə.Vəliyev, M.C.Paşayev və digər yazıçı və şairlər radioda odlu-alovlu çıxışlar edirdilər. Vətənpərvərlik mövzularında yazılmış pyeslər, tematik yazılar dinləyicilərin diqqətinə çatdırılırdı.

Təsadüfi deyil ki, SSRİ rəhbərliyi radionun ictimai-siyasi, mədəni həyatda və faşizmə qarşı mübarizədə oynadığı böyük rolu nəzərə alaraq 1945-ci il mayın 2-də xüsusi qərarla mayın 7-sini “Radio günü” elan etdi. Həmin gün uzun illər Azərbaycanda da bayram edildi. Amma 1992-ci ildən Azərbaycan Radiosu əsl bayramına qovuşdu. Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra noyabrın 6-sı «Azərbaycan Televiziya və Radio işçilərinin peşə bayramı» elan olundu.

1941–1945-ci illərdə Azərbaycan Radiosunun böyük fədakarlıq göstərən əməkdaşları heç ağıllarına belə gətirə bilməzdilər ki, 45 ildən sonra onlar əsl Vətən müharibəsi ilə üzləşəcəklər: hər gün Qarabağ cəbhəsindən Müdafiə Nazirliyinin məlumatlarını yayacaq, Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Ağdam, Qubadlı, Cəbrayıl və Zəngilanın işğal olunması, Xocalı soyqırımının dəhşətləri barədə acı xəbərləri xalqımıza çatdırmalı olacaqlar. Düz 45 il sonra – 1990-cı il yanvarın 20-də azərbaycanlı jurnalistlərin vaxtilə vəsf və təbliğ etdiyi Sovet Ordusu Azərbaycan xalqının silahsız oğul və qızlarının üzərinə yeriyəcək, II Dünya müharibəsi zamanı bütün SSRI-ni neftlə təmin edən paytaxtımız Bakının küçələrində günahsız həmvətənlərimizin qanını axıdacaq…

Beynəlxalq fəaliyyət

1941-ci ildə SSRİ hökuməti radio təbliğatını Türkiyə və İranda yaymağı məqsədəuyğun hesab edir. Həmin ilin iyulunda Azərbaycan radiosu türk və fars dillərində verilişlər hazırlayan iki redaksiya yaradır. Türk dilində verilişlər redaksiyasına Adil Əfəndiyev, fars dilində verilişlər redaksiyasına isə qısa dövr ərzində Qulam Məmmədli rəhbərlik edir.

1941-ci il iyulun 20-də «Burası Bakü», «İnca Baku» ifadələri ilk dəfə Azərbaycan radiosu ilə verilən sınaq verilişlərində səsləndirilir. Həmin verilişlər 1941-ci il avqustun 18-dən müntəzəm olaraq «Bakının səsi» çağırışı altında dünya efirinə çıxır.

O dövrdə xaricə yayımlanan radio təbliğatına Məmməd Səid Ordubadi, Mikayıl Rəfili, Cəfər Xəndan, Qulam Məmmədli, Adil Əfəndiyev, Lətif Kərimov, Mübariz Əlizadə, Ələsgər Məmmədov, Abbas Gülməmmədov, Cəfər Hacıyev, Hüseyn Məcnunbəyov, Cabbar Cabbarov, Fazil Babayev, Mina Bayramova, Şərif Vəliyev və digər tanınmış yazıçılar, jurnalistlər, şərqşünaslar öz töhfələrini verirdilər. Verilişlərdə sovet məlumat bürosunun xəbərləri, ziyalıların radio ilə çağırışları İran və Türkiyə əhalisinə çatdırılırdı.

1950-ci ildə türk və fars redaksiyalarının əsasında «Xarici verilişlər» baş redaksiyası yaradıldı. 1951-ci ildən xaricdə yaşayan soydaşlarımız üçün hər gün azərbaycanca 1 saatlıq veriliş yayımlayan redaksiya da bu quruma daxil edildi. 50-ci illərdə bu baş redaksiyaya Muxtar Hacıyev rəhbərlik edirdi.

1959-cu ildə Azərbaycan Radiosunda ərəb dilində verilişlərin yayımına başlandı. Bu redaksiyada diktor vəzifəsinə İraq türkmənlərindən olan Bağdad radiosunun diktoru Sinan Səid dəvət olunmuşdu. Qısa müddət ərzində bu redaksiya bir sıra ərəb ölkələrində əks-səda doğurdu və bu ölkələrdən təqdir məktubları gəlməyə başladı.

1974-cü ildən radioya, o cümlədən «Xarici yayım» bölümünə tanınmış yazıçı-jurnalist Aqşin Babayev rəhbərlik edirdi. O dövrdə xarici verilişlərin baş redaktoru Kərim Axundov, proqram direktoru isə Eldar Əliyev idi.

1976-cı il yanvarın 1-dən redaksiyaların statusu yüksəldi və onlar ayrı-ayrılıqda baş redaksiyaya çevrildilər.

İrana verilişlər baş redaksiyasının tərkibindəki azərbaycanca verilişlər hazırlayan şöbə 1980-ci il martın 1-dən ayrıca baş redaksiyaya çevrildi.

80-ci illərdə Azərbaycanın xarici ölkələrə veriliş yayan qurumu efirdə hər gün farsca 2 saat 15 dəqiqə, türkcə 2 saat, ərəbcə 1 saat, xaricdəki soydaşlarımız üçün Azərbaycan dilində 1 saat fəaliyyət göstərirdi.

1986-cı ildə farsca verilişlərin həcmi 1 saata endirildi, Azərbaycan dilində yayılan verilişlərin həcmi isə 2 saat 45 dəqiqəyədək artırıldı. «Ana dili», «Körpü», «Ovqat», «Elin sazı, elin sözü» verilişləri azərbaycanlı həmvətənlərimiz arasında rəğbət qazandı.

Yarım saat ərzində efirə gedən «Ana dili» verilişində İranda yaşayan azərbaycanlı dinləyicilərə Azərbaycan dilinin qrammatikası və şifahi danışıq dili öyrədilirdi. «Körpü» verilişi məktublar, telefon zəngləri və studiyaya gələn qonaqlarla söhbət əsasında fəaliyyət göstərirdi. Bu verilişin vasitəsilə indiyə qədər neçə-neçə qohum uzun müddət ayrılıqda yaşadıqdan sonra bir-birinə qovuşa bilib.

1992-ci il noyabrın 26-da «Azərbaycan Beynəlxalq Radiosu» yaradıldı. Bu qurum ingilis, alman, fransız, rus, erməni, talış, kürd, ləzgi, gürcü dillərində proqramlar hazırlayırdı. Beynəlxalq radio bir müddət orta və qısa dalğalarda hər gün 8 dildə dünya efirinə çıxır və müstəqil ölkəmiz barədə 10 saatlıq veriliş yayırdı.

1992–1993-cü illərdə Beynəlxalq radionun direktoru Vaqif Bayatlı idi. Sonra bu vəzifəyə Çərkəz Qurbanlı təyin olundu. 1996-cı ildən Beynəlxalq radioya Cahangir Bağırov rəhbərlik etməyə başladı...

2007-ci ildə «Qərb verilişləri» redaksiyasının hazırladığı ingilis, alman və fransız dillərində verilişlər ləğv edildi.

Hazırda orta və qısa dalğalarda Beynəlxalq radio hər gün azərbaycanca 5 saat, rusca 1 saat, ermənicə 1 saat, farsca 1 saat, türkcə 1 saat, ərəbcə 1 saat, həftədə 3 dəfə gürcücə 20 dəqiqə, 2 dəfə talış,  kürd və ləzgi dillərində 15 dəqiqə veriliş yayımlayır. Yarım saatlıq «Vətən» proqramının da 15 dəqiqəsi azərbaycanca, digər 15 dəqiqəsi isə ermənicə efirə verilir.

Müharibədən sonrakı dövr (1945-1970)

Müharibədən sonra radio verilişlərinin forma və məzmununda müəyyən dəyişikliklər baş verdi. 1949-cu ildən elektromaqnit səsyazma texnikasının radioda tətbiqi imkanların genişlənməsinə, verilişlərin keyfiyyətinin yüksəlməsinə yardım etdi.

1949-cu ildə Azərbaycan Radiosunda futbol reportajlarının təməli qoyuldu. Birinci reportajı məşhur idman şərhçisi Aleksandr Qnezdov aparırdı. Yalnız 7 ildən sonra – 1956-cı ildə Respublika stadionundan futbol oyunu ilk dəfə radionun diktoru Sabutay Quliyev tərəfindən Azərbaycan dilində şərh olundu.

1951-ci ildə yaradılan II proqram respublika radiosunun fəaliyyət dairəsini daha da genişləndirdi.

1956-cı ildə Azərbaycan Radiosunun yaranmasının 30 illiyi qeyd olundu. Bu zaman Bakıdan hər gün Azərbaycan, rus və erməni dillərində artıq 19 saat veriliş yayımlanırdı. Radioda ictimai-siyasi, ədəbiyyat, musiqi, sənaye, kənd təsərrüfatı, uşaq, gənclər proqramlarının hazırlanmasına üstünlük verilirdi. Efirdə hər gün 12–15 konsert proqramı səsləndirilirdi.

1956-cı ildən televiziyanın fəaliyyətə başlaması radionu öz işini rəqabət şəraitində qurmağa məcbur etdi. Radio xalq və bəstəkar mahnıları, ədəbi əsərlər hesabına öz fondunu zənginləşdirdi. Bu dövrdə xalq çalğı alətləri orkestrinə Səid Rüstəmov rəhbərlik edir, bəstəkarlardan Hacı Xanməmmədov, Qəmbər Hüseynli, Nəriman Əzimov və başqaları bu orkestrdə fəaliyyət göstərirdilər.

60-cı illərin ortalarında radio və televiziyanın kamera, estrada-simfonik orkestrlərinin yaradılması, «Qaya» vokal kvartetinin meydana gəlməsi xalq, estrada və simfonik musiqilərin təbliğində radionun imkanlarını artırdı.

70-ci illərin ortalarında «Sabahınız xeyir», «Axşam görüşləri», «Bulaq», «Natəvan» qızlar klubu, «Lirika dəftərindən», «Muğam saatı», «Arzu» musiqi poçtu”, «Yazıçı və zaman», «Mahnı şəhəri gəzir», «Teatr mikrofon qarşısında» kimi verilişlər dinləyicilərin ruhunu oxşayır.

«Qızıl fond»

Radionun «Qızıl fond»unda görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub saxlanılır.

1968-ci ildə radionun fonotekasında 24 minə qədər, 1980-ci ildə 40 mindən çox musiqi və digər sənət incilərinin lent yazısı var idi. Hazırda onların sayı 100 minə çatıb.

Fonotekada Üzeyir Hacıbəyov, Müslüm Maqomayev (baba), Cəfər Cabbarlı, Səməd Vurğun, Cabbar Qaryağdıoğlu, Seyid və Xan Şuşinskilər, Niyazi, Əlövsət Sadıqov, Hüseynağa Hacıbababəyov, Rəşid Behbudov, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Gülağa Məmmədov, Tükəzban İsmayılova, Zeynəb Xanlarova, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Arif Babayev, İslam Rzayev, Nəzakət Məmmədova, Baba Mirzəyev, Müslüm Maqomayev (nəvə), Polad Bülbüloğlu, Mirzə Babayev, Vaqif Mustafazadə, Rafiq Babayev, Flora Kərimova, Akif İslamzadə və digərlərinin lent yazıları saxlanılır.

Azərbaycanın görkəmli sənət ustalarının radionun «Qızıl fondu»nda saxlanılan çıxışları ədəbi dilimizin mükəmməlliyini nümayiş etdirməkdədir. Tanınmış səhnə ustaları Mirzağa Əliyev, Mərziyə Davudova, Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Fatma Qədri, İsmayıl Hidayətzadə, Rza Təhmasib, Mustafa Mərdanov, Əjdər Sultanov, Ağadadaş Qurbanov, Möhsün Sənani, Həsənağa Salayev, Məmmədrza Şeyxzamanov, Əli Zeynalov, Süleyman Tağızadə, Mehdi Məmmədov, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Həsənağa Turabov, Səməndər Rzayev, Məhluqə Sadıqova, Hamlet Qurbanov, Şəfiqə Məmmədova, Hamlet Xanızadə, Vəfa Fətullayeva, Amalya Pənahova, Əlabbas Qədirov, Mikayıl Mirzə, Əminə Yusifqızı, Həsən Əbluc və digərləri radiodakı çıxışları ilə dinləyiciləri riqqətə gətirməklə yanaşı, onlara səlis danışıq dilini təlqin edirdilər.

Vaxtilə Ələsgər Ələkbərovun ifasında lentə alınmış M.Qorkinin «Arxip baba və Lyonka», Səməd Vurğunun «Vaqif», habelə Mirzağa Əliyevin ifasında «Məşədi İbad», Mustafa Mərdanovun ifasında Cəlil Məmmədquluzadənin «Qurbanəli bəy» kimi əsərləri bu gün «Qızıl fond»un əsas incilərindən sayılır. Burada hətta S.Vurğunun «Vaqif» əsərinin erməni dilində səslənən variantı da mövcuddur.

«Araz»ın gəlişi

1964-cü il oktyabrın 15-də Azərbaycan Radiosunun «Araz» xəbərlər və musiqi proqramı ilk dəfə efirə çıxdı. «Araz»ın çağırış musiqisi Fikrət Əmirovun idi. «Araz» əvvəlki dövrdə dinləyicilərə 12 saatlıq veriliş təqdim edirdi. Müəyyən müddətdən sonra isə radionun I proqramı ilə yayımlanan bəzi verilişlər «Araz» vasitəsilə təkrar olunurdu.

«Araz» radiosunun yaranmasında və fəaliyyətində Teymur Əliyev, Ənvər Əlibəyli, Sabir Axundov, Soltan Nəcəfov, Kamil Məmmədov, Hacı Hacıyev, Aydın Qaradağlı, Valid Sənani, Yalçın Əlizadə, İlyas Adıgözəlov, Hidayət Səfərli və başqaları böyük rol oynamışlar.

İnformasiya proqramlarının çevikliyini təmin etməkdən ötrü radionun birinci proqramındakı xəbər buraxılışının strukturu və adı dəyişdirildi. 1966-cı il iyulun 13-dən «Son xəbərlər» efirə «Günün səsi» adı ilə çıxmağa başladı. 1968-ci ildə radionun «Xəbərlər» redaksiyası hər gün birinci proqramla və «Araz» proqramı ilə 24 dəfə efirə çıxırdı.

Müstəqillik dövründə Azərbaycan Radiosu «Araz» proqramını müstəqil struktura çevirməyi qərara aldı. 1993-cü ilin noyabrında onun bazasında 2 redaksiya yaradıldı: «İnformasiya və ictimai-siyasi proqramlar» redaksiyası və «Xalq yaradıcılığı» redaksiyası. Lakin 1998-ci ilin dekabrında bu strukturdan da imtina edildi.

1988-ci ildə başlanan təlatüm

1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı radio da televiziya kimi Azərbaycan xalqının maraqlarından çıxış etdi. Bu, 1990-cı ilin yanvarında özünü daha qabarıq şəkildə göstərdi.

Sovet imperiyası təkcə xalqı deyil, həm də Azərbaycan Radiosunu susdurmağa cəhd edir. Televiziyanın enerji blokunu partladıb sıradan çıxarmaqla yanaşı, Azərbaycan Radiosunun əməkdaşları da efirdən uzaqlaşdırılır. Radioda hərbi senzor fəaliyyət göstərirdi. Matəm içində olan ölkəmizə komendantın həqiqətdən tamamilə uzaq, iftira dolu məlumatları ötürülürdü.

Lakin həmin faciəli günlərdə Azrəbaycan Radiosunun «Xaricə yayım» redaksiyası 20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya çatdıra bildi. Yanvarın 20-də köməkçisi ilə qəfildən radioya gələn Azərbaycan SSR Ali Sovetinin sədri Elmira Qafarova Azərbaycan və rus dillərində bəyanatlarla birbaşa efirdə çıxış etdi. O, tökülən günahsız qanlar üçün bütün məsuliyyətin SSRİ orqanlarının və onların vəzifəli şəxslərinin üzərinə düşdüyünü, Azərbaycan xalqının öz oğul və qızlarının faciəli surətdə həlak olmasını heç kimə bağışlamayacağını bəyan etdi. Həmin bəyanata istinadən hazırlanan məlumat yanvarın 21-də efirə veriləndə texniki işçilər onu lentə yazdılar və gün ərzində bir neçə dəfə səsləndirməyə nail oldular. «Xaricə yayım» redaksiyası bu bəyanatı ərəb ölkələrinin, İranın Tehran, Təbriz və Türkiyənin Ankara radioları vasitəsilə bütün dünyaya çatdırdı. Bakıda «məskən salmış» hərbi komendantlıq Beynəlxalq radionun dalğalara malik olmasını tamam unutmuşdu…

Müstəqillik dövrü

1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsi radionun qarşısında duran vəzifələri kökündən dəyişdi. Radio verilişlərində demokratiya ab-havası duyulmağa başlandı, cəmiyyətlə sıx və açıq ünsiyyətə girmək meyllərini gücləndirən proqramlara üstünlük verildi.

Qarabağ uğrunda erməni işğalçılarına qarşı savaşın başlanılması ilə radio hər gün Müdafiə Nazirliyinin məlumatlarını yayırdı. Dinləyicilərdə vətənpərvərlik hisslərini gücləndirən «Açıq-aşkar», «Xudafərin», «Sözün düzü», «Baxış bucağı», «Dünya», «Pillə», «Çevrə», «Radio-atmaca», «Molla Nəsrəddin», «Yol», «Yuva», «Vaxt», «Dan yeri» kimi verilişlər hazırlanır, hərbi marşlar səsləndirilirdi.

1993-cü ildə ölkəmizdə baş verən Gəncə hadisələri, dahi lider Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunması barədə məlumatlar, Milli Məclis iclaslarından birbaşa yayımlar, 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi» sazişinin imzalanması mərasimi radio ilə bütün dünyaya yayılırdı.

Müstəqillik dövründə özəl radio kanallarının yaranması, onların FM dalğasında fəaliyyətə başlaması Azərbaycan Radiosunun da rəqabət şəraitində çalışmasına, dinləyici auditoriyasının «parçalanmasına» gətirib çıxardı. Özəl radio kanallarının çeviklik, proqram rəngarəngliyi nümayiş etdirməsi fonunda Azərbaycan Radiosu ilk baxışdan mühafizəkar ənənələrin daşıyıcısı kimi görünsə də, onun bu illərdə ədəbi dilimizin qorunmasına və saflığına xidmət etməsi amilini inkar etmək qətiyyən mümkün deyil. Amma informasiya texnologiyalarının sürətlə inkişaf etməsi istənilən sahədə, o cümlədən Azərbaycan radiosunda da texnoloji, istehsalat və yaradıcılıq dəyişikliklərinin həyata keçirilməsini labüd edirdi. Və bu gün Azərbaycan Radiosu öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Yeni üslub, dinamika və modernləşmə özünü bütün efir vaxtında hiss etdirir.

Bu gün Azərbaycan Radiosunun əsas verilişləri bunlardır:

“Retromania” – (canlı) Veriliş ötən illərin sevilən retro mahnıları, onların yaranması, kaver versiyalardan bəhs olunu, qonaqla keçmişdən bu günə səyahət üslübunda qurulur.

“Düşüncə tərzi” – Gənclərin düşüncə tərzi, baxış müxtəlifliyi, fərqli yanaşmalarından bəhs edir.

“Sözdən-söz” – (canlı) Ədəbiyyat, söz adamlarının yaradıcılığından bəhs olunur.

“Caz sənətinin tanınmış simaları” – dünyada məşhur olan caz ifaçılarının yaradıcılığına həsr olunur.

“Ünvanımız Azərbaycandır” – Xarici ölkələrdə yaşayan soydaşlarımızın məşğuliyyəti, lobbiçilik və diaspor fəaliyyətini işıqlandırır.

“İlkə imza atanlar” – Böyük xidmətləri, kəşflərə, ixtiralara imza atan soydaşlarımızın həyat və fəaliyyətindən bəhs olunur.

“O kənd bizim kəndimizdir” – Ermənistan adlanan ərazidə qalan qədim tarixin daşıyıcısı olan yurd yerlərimizdən bəhs olunur.

“Düşüncələr” – Dəvət olunan qonaqlar ötən illərin şirin xatirələrində düşüncələrini yeniləyir.

“Həzin söhbətlər” – Azərbaycanın tanınmış elm və incəsənət adamları ilə həzin duyğulara köklənən söhbət...

“Soruşun cavab verək” – (canlı) Sosial sahə, pensiya və müavinətlərnən bağlı vətəndaşların sualları cavablandırılır. Ən son yeniliklər barədə əhaliyə məlumat verilir.

“Kadrarxası” – (canlı) Filmlərin çəkilişi zamanı kadr arxasında qalan maraqlı məqamlar barədə söhbət açılır.

“Qadın səsi” – (canlı) Ölkəmizdə bütün sahələrdə çalışan və uğur qazanan qadınların fəaliyyəti işıqlandırılır.

“Gəl səhərim” – (canlı) Aktual məsələlər ön plana çəkilir, günlə səsləşən mövzulara üstünlük verilir. Viktorinalar təşkil olunur.

“Bulaq” – Tarixi dəyərləri, keçmişləri, olmuşları saf-çürük etməklə, folklor gələnəklərinə yiyələnməklə “Bulaq” ümumxalq sevgisi qazanıb. Özünəməxsus elmi-publisistik, fəlsəfi-psixoloji, yazı üslubu belə deməyə əsas verir ki, artıq “Bulaq” janrı mövcuddur.

“Vətən yaşasın” - verilişdə savaş üçün doğulanların yurd sevgisindən söhbət açılır.

“Hərb tariximizdən” - Adını tarixə qızıl hərflərlə həkk etdirən sərkərdələrimizin həyat yolundan danışılır.

“Azərbaycan əsgəri” – Veriliş torpaqlarımızın keşeyini çəkən igid oğullarımıza həsr olunub.

“Ekstra taym” – (canlı) İdman aləmindəki ən aktual mövzular bu sahənin mütəxəssisləri ilə müzakirə olunur.

“Yaşıl planet” – Aktual ekoloji problemlər işıqlandırılır. Onların həlli yollarından danışılır. İnsanları təbiəti sevməyə və qorumağa səsləyir.

 “Şirin yuxular” – Uşaqlar üçün nağıl proqramıdır.

“Dünya bu gün” – (canlı) Proqramda ictimai-siyasi hadisələr şərh olunur.

 

 

STRUKTUR

Rövşən Raqif oğlu Məmmədov

 

 

Rövşən Raqif oglu Məmmədov 15 iyun 1979-cu ildə Azərbaycan Respublikasının Ağstafa rayonunda anadan olmuşdur. 2000-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin bakalavr, 2002-ci ildə isə BDU-nun Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura pilləsini bitirmişdir.

2006-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası”nda fəlsəfə doktoru dərəcəsi almışdır.

2016-cı ildə isə Bakı Slavyan Universitetinin “Filologiya və jurnalistika kafedrası”nda “Müstəqillik dövründə Avropada Azərbaycan diaspor mətbuatı və milli ideologiya məsələləri (Almaniya, Fransa, Türkiyə, İngiltərə)” mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 3 kitab müəllifi olan R.R.Məmmədovun 40-dan çox elmi məqaləsi Azərbaycanda və xaricdə müxtəlif dillərdə nəşr edilmişdir

R.R.Məmmədov müxtəlif vaxtlarda Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Universitetində, hal-hazırda isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.

Jurnalistika fəaliyyətini davam etdirən Rövşən Məmmədov uzun müddət “Lider” Televiziyasında müxtəlif vəzifələrdə çalışmışdır. 2010-cu ildə həmin TV-nin İdman redaksiyasının rəhbəri olmuşdur.

R.R.Məmmədov 2015-ci ildən etibarən Azərbaycan Televiziyasında (AzTV) “Günün nəbzi”, “Əsas məsələ” və “Həftə” verilişlərinin aparıcısı olmuşdur. Daha sonra isə "Azərbaycan Televiziyası və Radio Verilişləri" QSC-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsinə təyin olunmuşdur. 15 yanvar 2019-cu ildən sədr müavini təyin olunmuş və hal-hazırda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edir.

R.R.Məmmədov  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 20 iyul 2015-ci ildə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Rus və ingilis dillərini bilir.

Evlidir, iki övladı var.

 

 

 

 

Elsevər Zeynal oğlu Dünyamalıyev

 

 

Elsevər Dünyamalıyev 13 dekabr 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olub. 1985-ci ildə Keçili kənd orta məktəbini, 1990-cı ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-biblioqrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1986-1988-ci illərdə Rusiyanın Kamçatka vilayətində hərbi xidmət keçib.

1997-ci ilin mayından etibarən Azərbaycan Televiziyasının Baş proqram direktorluğunda redaktor kimi fəaliyyətə başlayıb, daha sonra böyük redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

2009-cu il iyulun 24-də “İdman Azərbaycan” kanalının direktoru, 2015-ci ilin aprelində “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru təyin edilib.

Dövlət başçısının 2015-ci il 5 may tarixli sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini vəzifəsinə təyin olunub.

Əməkdar jurnalistdir. Türk və rus dillərini bilir.

Evlidir, iki övladı var.

  

 

 

 

Rəşad Barat oğlu Nəsirov

 

 

Rəşad Nəsirov 24 iyul 1977-ci ildə Bakıda anadan olub.

1994-cü ildə Bakı səhər 39 saylı orta məktəbi, 1999-cu ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin sənətşünaslıq ixtisası üzrə bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib. 2002-2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq – beynəlxalq münasibətlər fakültəsində təhsil alıb.

ANS, “Lider” telekanallarında və İctimai Televiziyada çalışıb.

2010-cu ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş redaktor və “Xəbərlər” informasiya proqramları studiyasının direktoru vəzifələrində çalışıb.

Dövlət başçısının 2015-ci il 5 may tarixli sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini təyin olunub.

Türk, ingilis və rus dillərini bilir.

Evlidir, iki övladı var.

TV REDAKSİYALAR

AzTV-nin informasiya buraxılışı 1960-cı ildən “Günün yenilikləri” adı ilə efirə çıxıb. Hazırda “Xəbərlər” adlı informasiya buraxılışı müxtəlif illərdə “Son xəbərlər”, “Günün səsi” və “Günün ekranı” adı ilə yayımlanıb.

“Xəbərlər” informasiya proqramı hər gün 13 dəfə - 09:00, 11:00, 13:00, 15:00, 17:00, 17:30 (Mədəniyyət xəbərləri), 18:00 (rus dilində), 19:00 (Region xəbərləri), 19:30  (İqtisadiyyat xəbərləri), 20:00, 24:00, 02:00 (ingilis dilində), 05:00 efirə çıxır. Bu proqramın Şimali Amerika, Şimali Afrika və Ərəb ölkələri, Türkiyə (Ankara və İstanbul), Rusiya, Ukrayna, Gürcüstan, Çin və Şərqi Asiya, Qərbi Avropa ölkələri üzrə müxbir məntəqələri mövcuddur.

"İnformasiya proqramları" studiyasının direktoru Rüfət Həmzəyevdir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin "İctimai-siyasi proqramlar və xarici xəbərlər" studiyası həftə ərzində «Günün nəbzi», «Həftə», «Planet», «Rakurs», «Parlament vaxtı» informasiya-analitik proqramlarını, "Əsas məsələ" ictimai-siyasi tok-şousunu və "Milli istehsal" proqramını tamaşaçılara təqdim edir.

Redaksiyanın əməkdaşları operariv şəkildə tamaşaçıların diqqətini ölkədə və dünyada baş verən ən vacib, siyasi, ictimai, sosial hadisələrə cəlb edir, onların mahiyyətini dürüst və qərəzsiz mövqedən, politoloji və elmi nöqteyi-nəzərdən təhlil etməyə çalışırlar.

Studiya iki redaksiyadan ibarətdir: "İctimai-siyasi proqramlar" və "Xarici xəbərlərin təhlili" baş redaksiyası.

"İctimai-siyasi proqramlar və xarici xəbərlər" studiyasının baş direktoru Sərvər Bayramovdur.

"İctimai-siyasi proqramlar" baş redaksiyasının baş redaktoru Sahəddin Hüseynov, "Xarici xəbərlərin təhlili" baş redaksiyasının baş redaktoru isə Elnur Orucovdur.

Baş Proqram Direktorluğu televiziyanın fəaliyyətini tənzimləyir. Qurumun tərkibinə Proqramlaşma, planlaşma və analitika, buraxılış və əlaqələndirmə şöbələri daxildir.

Baş Proqram Direktorluğu televiziyanın proqram şəbəkəsinin tərtibi, veriliş və proqramların müvafiq təqvim planına uyğun yerləşdirilməsi, xaricdə istehsal olunan audiovizual proqramların seçimi, redaksiya və departamentlərin fəaliyyətinin tənzimlənməsi ilə məşğul olur. Şəbəkə tərtib olunarkən teleməkanın monitorinqinin nəticələri nəzərə alınır.

Proqram Direktorluğu reklam çarxlarının efirdə «Televiziya və Radio Yayımı haqqında» qanununun tələblərinə uyğun yerləşdirilməsi ilə yanaşı, həm də istehsalını təmin edir. Şəbəkəyə daxil edilən proqram, veriliş və filmlərin vaxtında anons edilməsinə nəzarət də Proqram Direktorluğunun səlahiyyətinə daxildir. Hazırda Azərbaycan Televiziyasında istehsal edilən anonslar müasir televiziya məkanında öz dəsti-xətti ilə seçilir.
Proqram Direktorluğu Azərbaycan Televiziyasında indiyə qədər istehsal olunan bütün audiovizual məhsulların arxivləşdirilməsi, çeşidlənərək saxlanması və fondlaşdırılmasını təmin edir. Direktorluğun videotekasında ölkənin ictimai, siyasi, mədəni və sosial həyatını əhatə edən 40 min saatdan artıq material var.
Dördnövbəli iş rejimində işləyən mütəxəssislərin hesabına Proqram Direktorluğu televiziyanın 24 saatlıq efirini verilişlərlə təmin edir. Azərbaycan Televiziyasının proqram şəbəkəsində 80-dən artıq müxtəlif janrlı orijinal proqramlar mövcuddur. Bu isə həftə ərzində təxminən 50 saata yaxın yeni veriliş deməkdir.

Baş Proqram Direktorluğuna İlham Alışanov rəhbərlik edir. 

Buraxılış şöbəsinin müdiri Aytac Mir Sədizadə, əlaqələndirmə şöbəsinin müdiri Eldar Bayramov, Proqramlaşma, planlaşma və analitik şöbənin müdiri isə Samirə Nağıyevadır.

Hüquq departamenti 2007-ci ilin fevral ayında yaradılıb. Departamentin əsas vəzifələri aşağıdakılardır:

QSC-in fəaliyyətinə aid müxtəlif təyinatlı normativ sənədlərin hazırlanması;

QSC-in müəllif hüquqlarının qorunması;

müqavilələrin və rəylərin hazırlanması;

qanunvericiliyə aid təkliflərin hazırlanması;

QSC-ni məhkəmələrdə təmsil edilməsi;

fərdi əmək mübahisələrinin tənzimlənməsi;

müxtəlif sorğu və cavabların hazırlanması.

Hüquq departamentinin rəisi Rasim Verdiyevdir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin "Sosial media və ictimaiyyətlə əlaqələr" şöbəsi 2019-cu il martın 1-dən fəaliyyət göstərir.

Şöbə media və sosial şəbəkələrlə işləyir, ictimaiyyətlə sıx əlaqələr qurur.

Şöbəyə Mübariz Aslanov rəhbərlik edir.

 

Telefon: 537-03-67 / 537 03 70.

Redaksiya Azərbaycanın klassik, xalq və pop musiqisini, görkəmli sənətkarlarımızın yaradıcılığını təbliğ edən veriliş və proqramlar hazırlayır, ölkəmizdə keçirilən müxtəlif beynəlxalq festivalları tamaşaçılara təqdim edir.

Redaksiya «Məclisi-üns», “Yada düşər xatirələr” “Musiqi xəzinəsi”, "Musiqili ekran", "İrfan səması", "Bakı gecələri" adlı verilişlərlə yanaşı, “Azərbaycan, yurdum mənim”, «Azərbaycan Muğamı», “Musiqi dəqiqələri” , “İnstrumental musiqi” adlı konsert proqramları ilə tamaşaçıların görüşünə gəlir.

Redaksiyanın təşkilatçılığı ilə keçirilən muğam müsabiqələri ictimaiyyət arasında böyük nüfuz qazanıb və ölkə teleməkanında ən uğurlu layihə kimi qiymətləndirilir.

"Musiqi və əyləncəli proqramlar" redaksiyasının baş redaktoru Hikmət Şahbazovdur.

“Maarifçilik” redaksiyası 2007-ci ilin aprelində yaradılıb. 2019-cu ildə "Uşaq və Gənclik" redaksiyası və "Maarifçilik" redaksiyaları birləşdirilib. 

Bu redaksiya cəmiyyətimizdə bilik, savad və mədəniyyəti sistemli şəkildə təbliğ edən, estetik, etik, ictimai və bədii ideyaları formalaşdıran verilişlər hazırlayır. 

“Bağçılıq” kütləvi proqramdır. Ayda 4 dəfə efirə çıxır; 30 dəqiqə ərzində mövsümi bağçılığın vacib problemləri barədə maraqlı məlumatlar verilir, ayrı-ayrı bağ və bostan bitkilərinin becərilməsi öyrədilir, istixanaların işlədilmə texnologiyası aydınlaşdırılır. “Azərbaycan tarixi” maarifləndirici proqramdır. Ayda 4 dəfə efirə gedir. Verilişdə tamaşaçılara Azərbaycanın tarixinə aid müxtəlif bilgilər verilir.

“Rənglərin nəğməsi”. Ayda 2 dəfə, hərəsi 20 dəqiqə müddətində efirdə yayımlanan verilişdə rassamların emalatxanalarından süjetlər təqdim olunur.

“Sərbəst söhbət” ayda 2 dəfə göstərilir. Verilişdə görkəmli sənət adamları ilə söhbətlər təşkil olunur. 

“Kinosalnamə” ayda 2 dəfə göstərilir. Maarifçilik proqramıdır. Azərbaycan filmlərinin yaranma tarixi barədə məlumat verilir, sənətkarlıq xüsusiyyətləri barədə danışılır. Verilişin sonunda haqqında söhbət açılan film nümayiş etdirilir.

"Təhsil üçbucağı" tok-şousu isə təhsillə bağlı  başlıca problemləri, əldə edilən nailiyyətləri və perspektivləri müzakirəyə çıxarır.

“Təmas nöqtəsi”. Gənclər üçün analitik xarakterli həftəlik verilişdə gənclərin cəmiyyətdəki yeri və rolu haqqında söhbət açılır, onların müxtəlif yerli və beynəlxalq tədbirlərdə iştirakı işıqlandırılır. Ekspertlərin iştirakı ilə günün mövzusu müzakirə olunur.

“Nəsillərin debatı” tok-şousunda müasir gənclik cəmiyyətdə baş verən prosesləri, xüsusən də dövrün aktual mövzularını orta nəslin nümayəndələri ilə birgə müzakirə obyektinə çevirir. Veriliş həftədə iki dəfə yayımlanır.

“Müasir Azərbaycan gənci” gənclər ücün əyləncəli, publisistik proqramdır.

“Mən azərbaycanlıyam” gənclərin intellektual yarışmasıdır.

“Sənət ocağı” verilişində musiqi və incəsənət sahəsində çalışan peşəkarların gənclərlə apardığı təcrübə mübadiləsinə geniş yer ayrılır.

"Uğur düsturu", "Yay tapşırığı", "Şirin yuxular" verilişləri də uşaqların dünygörüşünün formalaşmasında əhəmiyyətli rol oynayır. 

“Maarifçilik” redaksiyasının baş redaktoru Sevinc Mütəllibovadır.

Televiziyamızın “Hərbi vətənpərvərlik” baş redaksiyası 2009-cu ildə yaradılıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin həyatını, xalqımızın hərb tarixini, həmin tarixi yaradan sərkərdələr və qəhrəmanları təqdim edən redaksiya hər həftə 40 dəqiqəlik “Döyüşçü” proqramı və "Vətənə xidmət" tok-şousu ilə eifrə çıxır.

Eyni zamanda, redaksiya Azərbaycan Radiosunun efiri üçün "Azərbaycan əsgəri", "Vətən yaşasın", "Əsgər istəyi", "Hərb tariximizdən" radio verilişlərini hazırlayır.

“Hərbi vətənpərvərlik” redaksiyasının baş redaktoru Telman Nəzərlidir.

«Telesəhər» musiqi-informasiya proqramı 1995-ci ildən efirdədir.

Bu proqram səhər saat 07.00-dan 10:00-a kimi canlı yayımlanır. Müxtəlif illərdə bir-birindən maraqlı mövzuları əhatə edən fərqli rubrikaların yer aldığı «Telesəhər» proqramı hal-hazırda "Paralel xəbər", "Qalstuk", "Əks-təsir", "SMG" (sosial media gündəmi), "Avto-info", "Telesportzal", "Vitamin", "Təlimat", "Təqvim" kimi rəngarəng rubrikalarla tamaşaçıların görüşünə gəlir.

Teleməkanımızdakı digər səhər proqramlarının yaranmasına təkan verən bu verilişdə ən son xəbərlər işıqlandırılır, ölkənin tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri çıxış edir, günün aktual mövzularına, hadisələrinə münasibət bildirirlər.

Proqram boyu həmçinin hava haqqında məlumat, eləcə də yol hərəkəti qaydaları barədə maarifləndirici materiallar verilir.

«Telesəhər» proqramının yaradıcı heyəti öz fəaliyyəti ilə bütün tamaşaçı təbəqəsinin zövqünü nəzərə almağa çalışır.

«Telesəhər» musiqi-informasiya proqramının baş redaktoru Rəşad Mehdilidir.

«Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin yaradıcı strukturlarından biri də 1959-cu ildə fəaliyyətə başlamış «Azərbaycantelefilm» Yaradıcılıq Birliyidir.

2019-cu ilə kimi burada 1500 saat həcmindən çox sənədli televiziya filmləri istehsal olunmuşdur. Müxtəlif janrlarda olan bu televiziya filmlərinin əksəriyyəti kinolentə çəkilmiş, qalan hissəsi isə videolentə alınmışdır.

1959-cu il dekabrın 22-də Azərbaycan Dövlət Televiziyası kollegiyasının qərarı əsasında ilk bədii televiziya filminin çəkilməsi haqqında əmr imzalanmışdır.

Həmin əmrə əsasən 1960-cı ildə Bakı televiziyasında kinorejissor Kamil Rüstəmbəyov Səməd Vurğunun eyniadlı poemasının ssenarisi əsasında «Aygün» bədii televiziya filminin çəkilişinə başladı. Filmin operatoru Əlihüseyn Hüseynov, rəssamı Fikrət Əhmədov, bəstəkarı Zakir Bağırov, səs operatoru Ağahüseyn Kərimov idi. Film ilk dəfə 1961-ci ildə Bakı televiziyasında nümayiş etdirilidi. 1965-ci ildə Bakı Studiyasında rejissor Rasim İsmayılov «Danışan işıqlar» adlı ilk televiziya cizgi filmini çəkdi. Cizgi filminin operatoru Vaqif Behbudov, rəssamı Rafis İsmayılov, bəstəkarı Rühəngiz Qasımova idi. Sonradan televiziya cizgi filmlərinin çəkilişi ilə operator-rejissor Vaqif Behbudov ciddi məşğul olmağa başladı. 1968-ci ildə Bakı Televiziya Studiyasında «Ekran» Yaradıcılıq Birliyi yaradıldı. 1973-cü ildə «Ekran» Yaradıcılıq Birliyinin adı dəyişdirilərək «Azərbaycantelefilm» oldu. Birliyin adı dəyişsə də, fəaliyyəti müəyyən olunmuş yaradıcılıq istiqamətində davam etdirilirdi. Lakin bir müddətdən sonra «Azərbaycantelefilm» ləğv olunaraq «Lent üzərində proqram hazırlayan redaksiya» adlandırıldı. Amma qısa zaman kəsiyindən sonra «Azərbaycantelefilm» öz adını bərpa etdi.

«Azərbaycantelefilm» Yaradıcılıq Birliyinin direktoru xalq artisti Ramiz Həsənoğlu, baş redaktoru isə Sadıq Elcanlıdır.

«AZƏRBAYCANTELEFİLM» YARADICILIQ BİRLİYİNDƏ 2018-ci İLDƏ İSTEHSAL OLUNAN SƏNƏDLİ TELEVİZİYA FİLMLƏRİ

1. Əfsanəyə dönən «Məhəbbət əfsanəsi»

Xr. 25’’35’’’’

Film SSRİ xalq artisti Maya Plisetskayanın görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun «Məhəbbət əfsanəsi» baleti haqqında xatirələri əsasında çəkilib. Ustad balerinanın Bakıya səfərləri, ümummilli lider Heydər Əliyevlə tarixi görüşləri də filmdə öz kadr təcəssümünü tapmışdır. Filmin ssenari müəllifi Kamil Əfsəroğlu, rejissoru Miri Rzayev, operatoru Mətləb Yaqubovdur.

2. «Ömrün Olimp Zirvəsi»

Xr. 46’’51’’’’

Film görkəmli elm və idman xadimi, Milli Məclisin deputatı, SSRİ idman ustası, Beynəlxalq dərəcəli hakim, əməkdar elm xadimi, MOK-un baş katibi Ağacan Abiyevin həyat yoluna həsr olunub. Boks üzrə tarixi idman yarışlarının xronikası ilə zəngin olan bu sənədli filmdə Ağacan Abiyevin həmkarları və yetirmələri də iştirak edirlər. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Sənan Sultanov, operatoru Elşən Bədəlovdur.

3. «Yaddaşın rəngləri»

Xr. 28’’45’’’’

Film xalq rəssamı Rasim Babayevin həyat və yaradıcılığına həsr olunub. Rəssamın canlı görüntüləri, sənət düşüncələri, tabloları sənədli televiziya filmini təsirli və yaddaqalan edir. Filmin ssenari müəllifi Qorxmaz Şıxəliyev, rejissoru Vəli Səyyadi, operatoru Elxan Rüstəmovdur.

4. «Ömrün çəhrayı rəngi»

Xr. 25’’57’’’’

Film yazıçı – jurnalist, uzun illər «Azərbaycan qadını» jurnalının baş redaktoru olmuş Xalidə Hasilovanın ədəbi sənətkarlıq taleyinə həsr olunub. Filmi ərsəyə gətirənlər: ssenari müəllifi Sevinc İsmayılzadə, rejissor Murad Quliyev, operator Elxan Rüstəmovdur.

5. «Bülbül»

Xr. 38’’15’’’’

Film Azərbaycan vokal sənətinin banisi, SSRİ xalq artisti, professor Bülbülün unudulmaz xatirəsinə həsr olunub. Filmdə görkəmli sənətkarın keçdiyi həyat yolu tarixi kino xronika ilə yanaşı, ölməz sənətkarın ifasında mahnılarla, ariyalarla müşayiət olunur. Filmin ssenari müəllifi Elnurə Hüseynova, rejissoru Elnurə Kazımova, operatoru Adil Abbasovdur.

6. «Sənətə köklənən sevgi…»

Xr. 44’’44’’’’

Film xalq artisti, görkəmli opera müğənnisi, tanınmış pedaqoq Səkinə İsmayılovanın sənət dünyasına həsr olunub. Filmdə müğənninin ifa etdiyi operalardan parçalar, muğam və xalq mahnıları səslənir. Filmin ssenari müəllifi Elnurə Hüseynova, rejissoru Elnurə Kazımova, operatoru Adil Abbasovdur.

7. «Ömrün sənət naxışları»

Xr. 32’’

Film xalq artisti Rafiq Əzimovun yaradıcılığına həsr olunub. Filmdə aktyorun iştirak etdiyi tamaşalardan, çəkildiyi kinofilmlərdən istifadə olunmuşdur. Filmin ssenari müəllifi Salar Aslanov, rejissoru Sənan Sultanov, operatoru Elşən Bədəlovdur.

8. «Bizə xatirələr qalacaq»

Xr. 31’’

Film görkəmli sənətkar, xalq artisti Eldəniz Zeynalovun xatirəsinə həsr olunub. Filmdə aktyorun çıxış etdiyi tamaşalardan, çəkildiyi kinofilmlərdən, «Mozalan» kino jurnalından istifadə olunmuşdur. Filmin ssenari müəllifi Sevda Ağazadə, rejissoru Elvin Vəlimətov, operatoru Elşən Bədəlovdur.

9. «Erməni təcavüzünün qanlı səhifələri»

Xr. 59’’45’’’’

Azərbaycan Televiziyası ilə AMEA-nın Tarix İnstitutunun birgə layihəsi olan «Erməni təcavüzünün qanlı səhifələri» sənədli televiziya filmində ermənilərin türk-müsəlman xalqına qarşı törətdikləri vəhşi cinayət əməllərinin qanlı səhifələri sənədlərin, şahidlərin, tarixçi alimlərin xarici dövlətlərin arxivlərindən üzə çıxardıqları yeni faktların dili ilə ekran təcəssümünü tapmışdır. Filmin elmi məsləhətçisi akademik, Milli Məclisin deputatı Yaqub Mahmudovdur. Filmdə tarixçi-alimlər Güntəkin Nəcəfli, Kamran İsmayılov, İlqar Niftəliyev, Natiq Məmmədzadə iştirak edirlər. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Cəmil Fərəcov, operatoru Adil Abbasovdur.

10. «Müstəqillik mücadiləsi»

Xr. 59’’05’’’’

Film Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Filmin elmi məsləhətçisi akademik Yaqub Mahmudovdur. Tarixçi alimlər Yaqub Mahmudov, Cəbi Bəhramov, Kamran İsmayılov Cümhuriyyətin keçdiyi tarixi yola öz çıxışlarında işıq tuturlar. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Cəmil Fərəcov, operatoru Adil Abbasovdur.

11. «Həqiqət istərəm, yalnız həqiqət»

Xr. 46’’42’’’’

Sənədli televiziya filmi Azərbaycan ədəbiyyatının parlaq siması Hüseyn Cavidin sənət dünyasına həsr olunub. Filmin ssenari müəllifi Salar Aslanov, rejissoru Hatəm Əsgərov, operatoru Mətləb Yaqubovdur.

12. «Böyük ekranda yazılan tarix»

Xr. 42’’45’’’’

Filmi Azərbaycan kinosunun 120 illiyinə həsr olunub. Filmdə kino tədqiqatçısı Aydın Kazımzadə, kinorejissor Eldar Quliyev və Oqtay Mirqasımov iştirak ediblər. Filmin ssenari müəllifi Sevda Ağazadə, rejissoru Tahirə Hüseynova, operatoru Elşən Bədəlovdur.

13. «Onun səsi qulağımızdadır»

Xr. 25’’25’’’’

Film görkəmli ədəbiyyatşünas-alim Əli Sultanlının həyat yolundan bəhs edir. Filmin ssenari müəllifi Sevinc İsmayılzadə, rejissoru Miri Rzayev, operatoru Elxan Rüstəmovdur.

14. «Sənətdə izi olan»

Xr.34’’10’’’’

Film sənət fədaisi, rejissor-aktyor, əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımovun həyat və yaradıcılığına həsr olunub. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Sənan Sultanov, operatoru Elşən Bədəlovdur.

15. «İlmələrin sədası; Bəstəkar Əşrəf Abbasov»

Xr. 33’’

Film unudulmaz bəstəkar, pedaqoq, ictimai xadim, xalq artisti Əşrəf Abbasovun həyat və yaradıcılıq yoluna həsr olunub. Filmin ssenari müəllifi Səadət Təhmirazqızı, rejissoru Tahirə Hüseynova, operatoru Elşən Bədəlovdur.

16. «Sevginin adı, Vətən…»

Xr. 43’’54’’’’

Film xalq artisti Mübariz Tağıyevin yaradıcılığına həsr olunub. Filmin ssenari müəllifi Elnurə Hüseynova, rejissoru Elnurə Kazımova, operatoru Adil Abbasovdur.

17. “Böyük səhnənin ziyası”

Xr. 27’’

Film xalq artisti Kazım Ziyanın həyat və yaradıcılığına həsr olunub. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Sənan Sultanov, operatoru Elşən Bədəlovdur.

18. «Bitməyən yol»

Xr. 28’’

Film xalq rəssamı Cəlal Qaryağdının sənət dünyasına həsr olunub. Filmin ssenari müəllifi Qorxmaz Şıxalıoğlu, rejissoru Vəli Səyyadi, operatoru Elxan Rüstəmovdur.

19. «Fikrimin ay işığında yol gedirəm»

Xr. 31’’12’’’’

Film şair İbrahim Göyçaylının yaradıcılığından bəhs edir. Filmin ssenari müəllifi Sevinc İbrahimqızı, rejissoru Murad Quliyev, operatoru Elxan Rüstəmovdur.

20. «Səsi onu yaşadacaq»

Xr. 35’’

Film unudulmaz aktyor, xalq artisti İlham Əsgərovun həyat və yaradıcılığına həsr olunub. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Sənan Sultanov, operatoru Elşən Bədəlovdur.

21. «İkinci yaddaş»

Xr. 38’’10’’’’

Film görkəmli pianoçu, xalq artisti Çingiz Sadıqovun sənət dünyasına həsr olunub. Filmin ssenari müəllifi Səadət Təhmirazqızı, rejissoru Miri Rzayev, operatoru Mətləb Yaqubovdur.

22. «Heykəltəraş Tokay Məmmədov»

Xr. 35’’13’’’’

Film xalq rəssamı Tokay Məmmədovun yaradıcılığından bəhs edir. Filmin ssenari müəllifi - Elnurə Hüseynova, rejissoru Elnurə Kazımova, operatoru Adil Abbasovdur.

23. «Əbədi yolun yolçusu»

Xr. 43’’50’’’’

Film şair-publisist, Azərbaycan Televiziyasının diktoru Nurəngiz Günə həsr olunub. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Sənan Sultanov, operatoru Elşən Bədəlovdur.

24. «Ayrılıq olmasaydı»

Xr. 31’’44’’’’

Film həyatdan nakam getmiş, gənc bəstəkar Ərtoğrul Cavidə həsr olunub. Filmin ssenari müəllifi Sevinc İsmayılzadə, rejissoru Hatəm Əsgərov, operatoru Mətləb Yaqubovdur.

25. «Ciddi və səmimi aktyor»

Xr. 35’’

Film unudulmaz sənətkar, xalq artisti, Dövlət mükafatı laureatı Həsən Məmmədovun həyat və yaradıcılığına həsr olunub. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Sənan Sultanov, operatoru Elşən Bədəlovdur.

26. « Yozulmamış yuxular»

Xr. 38’’31’’’’ Film görkəmli fırça ustası, xalq rəssamı Sakit Məmmədovun sənət dünyasından bəhs edir. Filmin ssenari müəllifi Zərnişan İnqilabqızı, rejissoru Elnurə Kazımova, operatoru - Adil Abbasovdur.

27. «Vəhdətin ahəngdarlığı»

Xr.39’’33’’’’

Film akademik Əşrəf Hüseynovun anadan olmasının 110 illiyinə həsr olunub. Filmdə akademiklər Telman Əliyev, Misir Mərdanov, Novruz Quliyev, Ə.Hüseynovun qızı Dilarə Hüseynova və nəvəsi Elman iştirak ediblər. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Murad Quliyev, operatoru Elxan Rüstəmovdur.

28. «Vaxtın cizgiləri»

Xr. 29’’22’’’’

Film xalq rəssamı Nadir Əbdürrəhmanovun həyat və yaradıcılığına həsr olunub. Filmin ssenari müəllifi Qorxmaz Şıxalıoğlu, rejissoru Vəli Səyyadi, operatoru Elxan Rüstəmovdur.

29. «Sürgün»

Xr. 43’’

Film Azərbaycan xalqının tarixi ata-baba ərazilərindən olan Qərbi Azərbaycandan (Ermənistan SSR-dən) azərbaycanlıların zorla köçürülməsinə, deportasiya olunmasından bəhs edir. Filmdə tarixçi alimlər –akademik Yaqub Mahmudov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Nazim Mustafa iştirak edirlər. Sənədli ekran əsərinin elmi məsləhətçisi AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı Yaqub Mahmudovdur. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Miri Rzayev, operatoru Elşən Bədəlovdur.

30. «Xatirələr: işıqlı düşüncələr» (Memar Rasim Əliyev)

Xr. 59’’30’’’’

Film əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Əliyevin keçdiyi həyat yoluna həsr olunub.

Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Miri Rzayev, operatoru Elxan Rüstəmovdur.

1926 –cı ildə, indiki Ə.Əlizadə-9 (keçmiş Fioletov-9) ünvanında Radio komitəsi fəaliyətə başlayır.

1931–ci ildə Azərbaycanın professional musiqisinin banisi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə bu məkanda şərqdə ilk notlu xalq çalğı alətləri orkestri və indiki Niyazi adına simfonik orkestri yaradılır. Tarixin dünəninə nəzər saldıqda görürük ki, Səsyazma evində daim əbədiyaşar sənətkarlar çalışmış və əməkdaşlıq etmişlər. Onu da qeyd etmək lazımdır ki, Üzeyir bəyə o zamanlar Müslüm Maqomayev yaxından köməklik etmişdir. Musiqi kollektivlərinin doğma məkanı kimi fəaliyyət göstərən bu sənət məbədgahı daim Azərbaycan milli-mənəvi dəyərlərinə xidmət etmişdir.

Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evinin məqsədi dövlətin milli-mədəni musiqi həyatında ictimaiyyətə bir-birindən maraqlı layihələr təqdim etmək, min illərdən gələn milli mənəvi dəyərlərimizi qorumaq, dövlətimizin hər bir uğurunu musiqi dili ilə dinləyicilərə çatdırmaq, yeni gənc nəslə professional musiqimizi təbliğ etməkdir.

Səsyazma Evinin direktoru Qəhrəman Quliyevdir.

Direktorun müavinləri Mubariz Tağiyev (I müavin), Şahin Verdiyev, Emin Həsənov, Ağacəbrayıl Abbasəliyevdir.

Səsyazma sexinin rəisi Səkinə Axundzadə, baş səs rejissoru Faiq Babayev, səs rejissoru Məmmədağa Dadaşovdur.

Səsyazma evində fəaliyyət göstərən musiqi kollektivləri:

* Əməkdar kollektiv, Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri;

* Niyazi adına Dövlət simfonik orkestri;

* Cahangir Cahangirov adına xor Tofiq Əhmədov adına estrada-simfonik orkestri;

* Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xoru;

* Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı;

* Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı;

* Vaqif Mustafazadə adına “Sevil” vokal-instrumental ansamblı;

* “Qaytağı” instrumental ansamblı Uşaq Musiqili Teatrı Əməkdar kollektiv:

Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Azərbaycan musiqi mədəniyyəti tarixininin incilərindən biri olan Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən 1931–ci ildə yaradılmaqla, nəinki Azərbaycanda, hətta, bütün Şərq aləmində professional notlu xalq çalğı alətləri orkestrinin əsasını qoymuş olur. İlk dövrlərdə orkestrin dirijoru və rəhbəri Üzeyir Hacıbəyli, konsertmeysteri isə Səid Rüstəmov olmuşdur. Orkestrin tərkibi isə ancaq kamança, saz, balaban, zurna, dəf, nağara alətlərindən ibarət olmuşdur. İlk heyyəti Səid Rüstəmov, Əhmədxan Bakıxanov, onun qardaşı Məmmədxan Bakıxanov, Ağabacı Rzayeva, Əmrulla Məmmədbəyli, Cəvahir Həsənova, Tutu Kərimova, Məmmədağa Muradov, Süleyman Hüseynquluoğlu, Əbülfəz Fərəczadə, Xalıq Babayev, Əlihəsən Nuriyev, Xosrov Məlikov, Qılman Salahov, Qönçə İsrafilova, Hacıbaba Əliyev, Hacı Xanməmmədov, Ə.Quliyev və digərlərindən ibarət idi.

1935–ci ildən sonra Üzeyir Hacıbəylinin təklifi ilə Səid Rüstəmov orkestrə baş dirijor və bədii rəhbər vəzifəsinə təyin olunur. Orkestrin repertuarı xalq mahnı və təsniflərindən, rənglərdən ibarət olsa da, tezliklə Müslüm Maqomayev, Üzeyir Hacıbəyli, Səid Rüstəmov orkestr üçün yeni əsərlər yazmağa başlayırlar. Belə ki, radionun yaradılmasına həsr olunmuş Müslüm Maqomayevin RV-8 (Radio marşı), Üzeyir Hacıbəylinin 1 və 2 №-li fantaziyaları, Səid Rüstəmovun mahnıları orkestrin repertuarını daha da genişləndirir.

1936-cı ilin aprel ayında I Ümumittifaq Radio festivalında iştirak edib mükafat qazanan orkestr 1937-ci ildə Moskva və Leninqrad şəhərlərində uğurla konsertlər verir.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyünə hazırlaşarkən Üzeyir Hacıbəyli “Arşın mal alan” musiqili komediyasını xalq çalğı alətləri orkestri üçün işləməyi Səid Rüstəmova həvalə edir. 1938-ci il aprelin 9-da Moskva şəhərində “Böyük teatr”ın səhnəsində göstərilən “Arşın mal alan” musiqili komediyası böyük uğur qazanır. Ertəsi gün isə göstərilən tamaşa radio vasitəsi ilə yayımlanaraq geniş dinləyici kütləsinə təqdim edilir.

Böyük Vətən müharibəsi illərində orkestr öz ifası ilə əsgərlər qarşısında, cəbhə bölgələrində, radio dalğalarında çıxış edərək, xalqın bu çətin günündə qələbəyə uğur və düşmənə nifrət hissləri oyatmağa müyəssər olur.

1947-ci ildə Şərqdə xalq çalğı alətləri orkestri üçün Fikrət Əmirovun yazdığı ilk fortepiano konserti Emilya Qrenberq tərəfindən uğurla ifa olunur. O vaxtlar Moskvada çıxan “İncəsənət” jurnalı bu konsert və ifa barədə geniş məqalə yazmışdı.

Orkestrin heyətində Adil Gəray, Rəhilə Kərimova, Baba Salahov, Şövkət Babayev, Əhsən Dadaşov, Hafiz Mirzəliyev, Şəfiqə Məmmədəliyeva, Qəribə Hacızadə, İzzət Bağırova, Bəhruz Zeynalov, Vəcihə Səfərova, Fərhad Dadaşov, Hacı Məmmədov, Əşrəf Abbasov, Qənbər Hüseynli, Sərvər İbrahimov, Tərlan Qazıyeva, Asya Tağıyeva, Azər Mustafayev, Dadaş Dadaşov, Rəna Kəngərli, Gövhər Qasımova, Ağasaleh Abasəliyev, Ceyran Cəfərova, Məmməd Quliyev, Səyyarə Əliyeva, Ramiz Mirişli, Elman Bədəlov, Möhsüm Möhsümov, Ələkbər Ələsgərov kimi görkəmli ifaçılar işləmişlər. 

1974–cü ildə orkestrə bədii rəhbər və dirijor Nəriman Əzimov təyin olunur. Tezliklə orkestrə fleyta, kontrabas, qaboy alətləri daxil edilərək səslənməni daha da zənginləşdirir. 1979-cu ildən orkestrin 2- ci dirijoru Faiq Sadıqov təyin olunur.

1983-cü il dekabr ayında görkəmli bəstəkar Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamı Səsyazma Evində lentə yazılarkən bəstəkar orkestr qarşısında ürək sözlərini belə deyir: “Mən bilsəydim bu cür xalq çalğı alətləri orkestrində səslənmiş bu əsəri simfonik orkestr üçün yazmazdım”.

Orkestrin hazırda baş dirijoru xalq artisti, professor Nəriman Əzimov, dirijorları əməkdar artist Faiq Sadıqov və Fərhad Qarayusiflidir.

 

Niyazi adına Dövlət simfonik orkestri

1931-ci ildə Azərbaycan Dövlət Radio Komitəsinin nəzdində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaranıb. O vaxtlar bədii rəhbər və baş dirijor Şvarts olmuşdur. Dünyaşöhrətli musiqiçi, SSRİ xalq artisti, bizim həmyerlimiz Mstislav Rostropoviçin atası Leopold Rostropoviç məhz bu orkestrdə uzun illər konsertmeyster olmuşdur.

1941-ci ildən orkestrin bədii rəhbəri və baş dirijoru Əşrəf Həsənov, 2–ci dirijoru isə Çingiz Hacıbəyov olub. Üzeyir Hacıbəylinin dəvətilə Bakıya gəlmiş Avstriya dirijoru Otto Ştrasser bu kollektivdə bir neçə il işləyib.

1944-cü ildə orkestr Tbilisidə Zaqafkaziya ongünlüyündə böyük müvəffəqiyyətlə çıxış edib. Böyük Vətən Müharibəsi illərində isə orkestr qospitallarda yaralı əsgərlər qarşısında Bülbül, Şövkət Məmmədova, Firəngiz Əhmədova, Sona Aslanova, Lütfiyar İmanov, Mobil Əhmədov və başqa müğənnilərlə çoxsaylı konsertlərlə çıxış etmişdir. 1945-46–cı illərdə Üzeyir bəyin ölməz əsərlərindən biri olan ”Arşın mal alan” operettası ekranlaşdırılarkən bu orkestrlə ifa olunub.

1971-ci ildə respublikanın xalq artisti Ramiz Məlik-Aslanov, 1992-95-ci illərdə əməkdar incəsənət xadimi İsmayıl Hacıyev, 1995-ci ildə əməkdar incəsənət xadimi Yaşar İmanov kollektivə bədii rəhbər və baş dirijorluq etmişlər. Sənətkarlardan Böyükağa Sadıqbəyov, Məmməd Orucov, Yaqub Hacıyev 2006-2013 orkestrin baş dirijoru, Əməkdar İncəsənət xadimi Azad Əliyev və bir çox başqaları uzun müddət bu orkestrdə fəaliyyət göstəriblər.

30 ildən çox bir müddətdə maestro Niyazinin adını daşıyan simfonik orkestr bu yaxınlarda 80 illik yubileyini qeyd etmişdir.

Hal-hazırda orkestrin dirijoru, əməkdar İncəsənət xadimi Nazim Hacıəlibəyovdur.

 

Cahangir Cahangirov adına xor

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xor kollektivi 1936-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Bu kollektivə bir müddət Üzeyirbəy özü rəhbərlik etmişdir. O, bir sıra Azərbaycan xalq mahnılarını xor üçün işləmiş və gənc bəstəkarlara tövsiyə etmişdir. Sonralar kollektivə rəhbərliyi Cahangir Cahangirova məhz Üzeyir Hacıbəyov həvalə etmişdir.

1948-ci ildən isə əvvəllər kollektivdə ikinci xormeyster kimi fəaliyyət göstərən respublikanın xalq artisti Ramiz Mustafayev ömrünün sonunadək xora bədii rəhbərlik edir.

Xor kollektivi fəaliyyətə başladığı illərdən bəri Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısı olub. Kollektiv bir çox sənətçilərin yetişməsində mühüm rol oynayıb. Onlardan SSRİ xalq artistləri Lütfiyar İmanov, Firəngiz Əhmədova, Zeynəb Xanlarova respublikanın xalq artistləri Gülağa Məmmədov, Mobil Əhmədov, Şahlar Quliyev, respublikanın əməkdar artistləri Firudin Mehdiyev, Faiq Mustafayev, Yaşar Səfərov, İdris Mehdiyev, artistlərdən Anatollu Qəniyev, Nərminə Məmmədova, Sahib Kərimov və başqalarının adlarını çəkmək olar. Böyük Vətən müharibəsi illərində xor kollektivinin ifasında bir çox vətənpərvərlik mövzusunda əsərlər səslənib.Üzeyir Hacıbəyli,Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Hacı Xanməmmədov, Cahangir Cahangirov və digər bəstəkarların oratoriyaları, kantataları, vokal-simfonik poemaları və s. xor kollektivi tərəfindən yüksək məharətlə ifa olunaraq lentə alınıb. Cahangir Cahangirovun adını daşıyan xorun hal-hazırda bədii rəhbəri və dirijoru Şəhla Ələkbərovadır.

 

Tofiq Əhmədov adına estrada-simfonik orkestri

Tofiq Əhmədov adına estrada-simfonik orkestri 1956-cı ildən kiçik tərkibdə estrada ansamblı kimi fəaliyyətə başlayıb.

Qısa müddət ərzində təşkil edilmiş bu kollektivin yaradıcısı məşhur saksafonçu, respublikanın xalq artisti Tofiq Əhmədov olmuşdur.

1975-ci ildə həmin ansambla “estrada-simfonik orkestri” statusu verildi və onun tərkibi xeyli genişləndirildı. Bu kollektiv bir sıra respublikalarda və xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edib. SSRİ xalq artisti Müslüm Maqomayev Moskvanın Ostankino studiyasında ilk dəfə bu orkestrlə çıxış etmişdir. Orkestrlə uzun müddət işləmiş respublikanın xalq artistləri - Mirzə Babayev, Flora Kərimova, Oqtay Ağayev, İlhamə Quliyeva, Elxan Əhədzadə, Brilyant Dadaşova, Natəvan Şeyxova, Mübariz Tağıyev, əməkdar artist İdris Mehdiyev, Cavan Zeynallı artistlərdən Cavanşir Əliyev, Cəfər Behbudov, Firəngiz Rəhimbəyova və başqalarının adlarını çəkmək olar.

1979-83- cü illərdə bəstəkar Əziz Əkbər Əzizli, 1983-90 - cı illərdə pianoçu bəstəkar, əməkdar artist Rafiq Babayev, 1990-98-ci illərdə bəstəkar, xalq artisti Faiq Sucəddinov, 1998-2002-ci illərdə pianoçu-bəstəkar Eldar Rzaquluzadə, 2002-2012-ci illərdə saksafonçu Akif Süleymanbəyli orkestrə rəhbərlik etmişlər.

Hal-hazırda isə orkestrin bədii rəhbəri Vasif Axundov, baş dirijoru Cavad Tağızadədir.

Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xoru

Azərbaycan Dövlət Televiziya və Radiosunun “Bənövşə” uşaq xoru 1958-ci ilin payızında bəstəkar Əfsər Cavanşirov tərəfindən yaradılıb. “Bənövşə” uşaq xorunun repertuarında Azərbaycan və eləcə də dünya xalqlarının mahnıları, milli el havaları özünə layiqli yer tutmuşdur. Həmin xorun ilk konsertmeysteri Azərbaycanın xalq artisti, bəstəkar Musa Mirzəyev olmuşdur. Bir çox sənətkarlarımız səhnəyə öz kövrək addımlarını ilk dəfə məhz bu kollektivdə atmışlar. Onlardan xalq artistləri Flora Kərimova, Amaliya Pənahova, Xuraman Qasımova, Mələkxanım Əyyubova, Nisə Qasımova, əməkdar artistlər Akif İslamzadə, Firuzə İbadova, Azərin və başqalarını qeyd etmək olar. Uşaqların estetik tərbiyəsinin inkişafına çalışan, uşaq ideologiyasına xidmət edən “Bənövşə” uşaq xoru indi də müxtəlif bəstəkarların məktəbli mahnılarını böyük həvəslə oxuyub təbliğ edir. Hal-hazırda uşaq xorunun bədii rəhbəri Zülfiyyə İbrahimovadır.

 

Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı

Yarandığı dövrdən bu kollektiv solistlərdən ibarət xalq çalğı alətləri ansamblı kimi fəaliyyət göstərib. Bir müddət fəaliyyətini dayandıran ansambl 1941- ci ildən Üzeyir Hacıbəyli və Müslüm Maqomayev tərəfindən yenidən bərpa olundu.

1973-cü ilə qədər ansamblın bədii rəhbəri vəzifəsində çalışmış Əhməd Bakıxanov dünyasını dəyişdikdən sonra bu kollektiv onun adını daşımağa başladı və xalq artisti Həbib Bayramov ansambla bədii rəhbər təyin olundu. Bu kollektiv Şərqdə ilk professional ansambl olmuşdur. Onun müşayiəti ilə Cabbar Qaryağdıoğlu, Bülbül, Xan Şuşinski, Şovkət Ələkbərova, Zeynəb Xanlarova və b. uğurla çıxış etmişlər. Hal-hazırda ansamblın bədii rəhbəri xalq artisti Möhlət Müslümovdur.

 

Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” ansamblı

1961–ci ildə Azərbaycan Televiziyası və Radiosunun rəhbərliyi tərəfindən görkəmli tarzən Əhsən Dadaşova yeni bir xalq çalğı alətləri ansamblı yaratmaq təklif olunur. Elə həmin il ansambl yaradıldı və ora bir sıra tanınmış musiqiçilər cəlb olundu. Əməkdar artist Əhsən Dadaşov bu ansambla 1976 –cı ilə kimi rəhbərlik etdi və o, dünyasını dəyişəndən sonra kollektivə “Xatirə” ansamblı adı verildi.

1976-cı ildən indiyə kimi ansambla ansamblın üzvü, xalq artisti Adil Bağırov rəhbərlik edir. Həm yaşlı, həm də cavan nəsillərlə çalışan Əhsən Dadaşov adına “Xatirə” ansamblının repertuarına muğam, rənglər, dəramədlər, xalq mahnıları və s. daxildir. Azərbaycan bəstəkarlarının əksəriyyəti bu kollektivlə bir çox mahnılarını yazmış, radiomuzun musiqi fonotekasını xeyli zənginləşdirmişlər. Ansambl xarici ölkələrdə və respublikamızın bir sıra börlgələrində qastrol səfərlərində olmuşdur.

 

Azərbaycan Televiziya və Radiosunun Vaqif Mustafazadə adına “Sevil” vokal-instrumental ansamblı

1970-cı ildə tanınmış musiqiçi Vaqif Mustafazadə “Sevil” vokal-instrumental ansamblını yaradır.

Qızlardan ibarət ansambl yaratmaqda məqsəd yeni səsləmə və müasir aranjemanla müxtəlif əsərləri sintez etmək idi. Bu gün bu ansambla vaxtilə Vaqif Mustafazadə ilə çalışmış Rəna Talıbova rəhbərlik edir və hal-hazırda ansambl mərhum sənətkarın adını daşıyır.

 

Azərbaycan Televiziya və Radiosunun“Qaytağı” instrumental ansamblı

2012-ci ildən etibarən “Qaytağı” instrumental ansamblı yaradılmışdır. Ansamblın bədii rəhbəri xalq artisti Ənvər Sadıqovdur. Ansamblı yaratmaqda məqsəd xalq musiqisini müasir aranjemanla tamaşaçılara təqdim etməkdir.

Azərbaycan Televiziya və Radiosunun “Uşaq Musiqili Teatrı” 2014- cü ildən etibarən Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evinin nəzdində yaradılmışdır. Uşaq teatrını yaratmaqda məqsəd uşaq idealogiyasına xidmət etmək, istedadlı uşaqları bir araya toplamaq, müasir uşaq dünyasını, yeni uşaq mahnılarını təbliğ etməkdir.

Hal hazırda Uşaq Musiqili Teatrının direktoru, Nigar Qarayevadır.

Azərbaycan Televiziya və Radiosunun solistləri

Son illər Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Muğam” Telemüsabiqəsi neçə-neçə istedadın üzə çıxmasına şərait yaratdı. Müsabiqədə qalib olanlar hal-hazırda Televiziya və Radionun Səsyazma evinin solistləridir, həmçinin, aşağıda adları çəkilən Azərbaycan incəsənət xadimləri də solist kimi Televiziyanın Səsyazma Evində fəaliyyət göstərirlər.

Briliant Dadaşova - xalq artisti

Teymur Əmrah - əməkdar artist

Gülyanaq Məmmədova – xalq artisti

Sabir Abdullayev - əməkdar artist

Abbas Bağırov - əməkdar artist

Arzu Əliyeva Ehtiram Hüseynov - əməkdar artist

İlahə Əfəndiyeva - əməkdar artist

Bəyimxanım Vəliyeva - əməkdar artist

Səbinə Ərəbli

Kamilə Nəbiyeva

Zabitə Alıyeva

Günay İmamverdiyeva

Ariz Hüseynov

Mirələm Mirələmov

Məmməd Nəcəfov

Sərxan Bünyadzadə

Xətai Hacıyev

Ramiq Bayramov

Ayşən Mehdiyeva

Aynur İsgəndərli

Aytac Şıxalizadə

Zümrüd Məmmədova

Gülnar Qüdrətli

Babək Quliyev

Kənan Qədimov

«Ədəbi-dram verilişləri» redaksiyası ədəbiyyatın, incəsənətin, klassik və müasir yazarlarımızın ədəbi irsinin təbliğinə xidmət edir.

Bu redaksiya "Yaddaş", "Sənət cərəyanları", "Sənətkar ömrü", "Yada düşər xatirələr", "Sivilizasiya pillələri" kimi daimi verilişlər hazırlayır.

İl ərzində "Hamlet tənhalığı", «Qədim yurdun baharı», «Əbədi zirvə» «Danışır və göstərir Bakı!», «Tarixin yollarında», «Mətbuat fədaisi», «Ağ işığın möcüzəsi», «Doymadım bu dünyadan», «Bir ömrün xatirəsi» sənədli filmləri, «Əbədiyyət silsiləsindən» «Heydər Əliyev və Azərbaycan ədəbiyyatı», «Heydər Əliyev və Azərbaycan mədəniyyəti», “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz», M.C.Paşayevə həsr olunmuş «Böyük fikrin karvanları» verilişləri hazırlanıb.

Eyni zamanda tamaşaçılara «Ədəbi düşüncələr» telepritçasının M.Kazımbəy, S.Ə.Şirvani, Ş.İ.Xətai, M.Ş.Vazeh, X.B.Natəvan, Q.B.Zakir, Heyran xanım, N.Hikmət, A.İldırım, Ə.Kərim və digər görkəmli şəxsiyyətlərə həsr olunan xüsusi buraxılışları təqdim edilib.

«Ədəbi-dram verilişləri» redaksiyasının baş redaktoru Azər Qismətdir.

“Kinoproqramlar və dublyaj” redaksiyası televiziyanın uzun illərdir fəaliyyət göstərən redaksiyalarından biridir. Kino sənətkarlarının, milli, xarici filmlərin tamaşaçılara tanıdılması, təbliği sahəsində uğurla fəaliyyətini davam etdirən redaksiyada “Məmləkətim”, “Kinoklub”, “Film haqqında film”, “Sənət haqqında düşüncələr”, “Dünya kino ulduzları”, “Oskar”a gedən yol”, “Retro” və digər layihələr hazırlanır. Redaksiyada, həmçinin, sosial çarxlar və qısametrajlı filmlərin istehsalına başlanılıb. “Kinoproqramlar və dublyaj” redaksiyasında çalışan peşəkar aktyor, rejissor, tərcüməçi heyəti mütəmadi olaraq xarici filmləri doğma dilimizdə tamaşaçılara təqdim edir.

Redaksiyanın rəhbəri əməkdar incəsənət xadimi Etibar Babayevdir.

RADİO REDAKSİYALAR

Proqram Direktorluğu radionun işini tənzimləyir. Direktorluğun tərkibinə “Proqram və koordinasiya”, “Buraxılış”, “Diktor və aparıcılar”, “Fond və Operativ Fonoteka” şöbələri və “Rejissorlar” qrupu daxildir.

Proqram Direktorluğu Azərbaycan Radiosunda indiyə kimi hazırlanan verilişlərin, radiokompozisiyaların, radiotamaşaların, radioteatrların, portretlərin, oçerklərin arxivləşdirilməsi, çeşidlənərək saxlanması və fondlaşdırılmasını təmin edir. Azərbaycan Radiosunun proqram şəbəkəsində 90-a yaxın müxtəlif janrlı orjinal proqramlar mövcuddur. Bu isə həftə ərzində 55 saata yaxın yeni veriliş deməkdir.

Radionun Baş proqram direktoru Aygül Məmmədovadır.

Direktor müavinləri: Rövşən İmanzadə, Nurlan Budaqov, Akifə Mir Sədizadə, Cavanşir Cahangirov.

Redaksiyanın fəaliyyəti çoxşaxəlidir. 2019-cu ildə Musiqi verilişləri redaksiyası da bu redaksiyaya birləşdirildi və redaksiya Səhər və Musiqi Verilişləri Redaksiyası adlandırılmağa başlanıldı.

Redaksiyanın əsas verilişi hər gün səhər saat 8.00-dən 10.00-a qədər birbaşa yayımlanan «Gəl, səhərim»dir. Veriliş musiqili-informasiya xarakterlidir, tariximizi, milli-mənəvi dəyərlərimizi təbliğ edir, yeniliklərdən soraq verir.

Bu veriliş dinləyicilərə xoş səhər ovqatı aşılayır. «Səhər»in yaradıcı heyəti efirə müxtəlif verilişlər təqdim edir. Bunlardan “Retromania”, “İlkə imza atanlar”, “O kənd bizim kəndimizdir”, “Həzin söhbətlər”, “Sübhə doğru”, “Qum saatı”, “Düşüncə”, “Soruşun, cavab verək”, “Azərbaycan təbiəti”, “Gecə düşüncə”, “Xəzinə inciləri”, “Gün başladı”, “Kadrarxası” proqramları dünləyicilərin daha çox marağına səbəb olub.

Redaksiya eyni zamanda, Azərbaycanın xalq, klassik və estrada musiqisini, görkəmli sənətkarlarımızın yaradıcılığını təbliğ edən veriliş və proqramlar hazırlayır, ölkəmizdə və xaricdə keçirilən musiqi festivalları və müsabiqələrində iştirak edən musiqiçilərimizin nailiyyətlərini dinləyicilərə təqdim edir.

“Muğam dünyamız”, “Musiqi dünyası”, “Ovqat”, “Azərbaycanın musiqi aləmində”, "Çələng”, “Caz sənətinin tanınmış simaları”, “Axşam görüşləri”, “Musiqi təqvimi”, "Nəğməli səhər", “Azərbaycan bəstəkarlarının əsərləri”, “Ötən illərin nəğmələri”,"Kino və musiqi", "Gecəniz xeyirə qalsın", "Xəbəriniz olsun", "Daha bir görüş", "Arzu” musiqi poçtu", "Axşamçağı", "Əbədiyaşarlar" kimi verilişlər dinləyicilər arasında böyük rəğbət qazanıb. “Radionun qızıl fondundan”, “Unudulmaz ifalar”, “Yadigar səslər”, “Səs xəzinəmizdən” adı ilə təqdim olunan konsert proqramlarında dünyasını dəyişmiş görkəmli sənətkarlarımız yad olunur.

«Səhər» redaksiyasının baş redaktoru Azad Zahiddir.

Azərbaycan balalarına gələcəyin qurucusu, sabahın vətəndaşı kimi baxan redaksiya uşaqların təlim-tərbiyəsinə, əyləncə və istirahətinə, maraq və dünyagörüşünə yaradıcı yanaşır.

Cəmiyyətimizdə yaxşı nə varsa hamısından uşaqlara pay düşür. Həyatımızın bir parçası, qızıl fondu olan balalar bu günümüzlə sabahımız arasında mənəvi körpüdür. Uşaqlara uşaq kimi baxmaq ideyasından uzaq olan əməkdaşlar hazırladıqları bütün verilişlərdə bu ideya və məfkurəyə sadiq qalmağa çalışırlar.

Mövsümi vaxtlara uyğun olaraq uşaqlar üçün hazırlanan verilişlərin adı və məzmunu il ərzində dəyişir və efirə yeni vəsiqə alır.

«Uğur», «Məktəb illəri», «Böyük tənəffüs» və «Dünyanı tanıyın» verilişləri efirə yeni vəsiqə alan proqramlar sırasındadır. «Sabaha pəncərə», «Yaşıl planet» uşaqların dünyagörüşünün formalaşmasında, coğrafi məlumatlarının genişlənməsində öyrədici rola malikdir. «Anasının balası», «Haydı, qoçaqlar» verilişlərinin ana xətti balacalara Vətən və ana məhəbbəti aşılamaqdır. «Boğça», «Uşaqdan xəbər al» proqramları bir qədər yumor üstə köklənən verilişlərdəndir.

«Uşaq verilişləri» redaksiyası «Navalça», «Bəhər», «Əsrlərə səyahət» verilişləri ilə də uşaqları şənləndirir. Həmçinin “Şirin yuxular” nağıl proqramı axşam efirində yer alır.

Bütün verilişlərin qəhrəmanı da, iştirakçısı da, çıxışçısı da uşaqlar, eləcə də onların müəllim və valideynləridir.

«Usaq verilişləri» redaksiyasının baş redaktoru Ələmdar Quluzadədir.

Ötən əsrin 20-ci illərinin sonlarından fəaliyyət göstərən redaksiya bir müddət «Ədəbi-dram» adlandırılıb. O zaman bu redaksiyaya görkəmli yazıçı Məmməd Səid Ordubadi rəhbərlik edib.

Həmin dövrdə bütün radio məhsulunun üçdə-biri bədii verilişlərdən ibarət olub. Ordubadi radioya Cəfər Cabbarlı, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mikayıl Müşfiq, Seyid Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Mehdi Hüseyn, Sabit Rəhman, Mir Cəlal Paşayev və başqa nasir və şairləri cəlb etməklə efirdə yeni əsərlərin tez-tez səslənilməsinə nail olurdu.

Bu, ədəbi dilin inkişaf etməsinə, yad təsirlərdən qorunmasına xidmət edirdi. «Ədəbiyyat və incəsənət» redaksiyası illər uzunu xalqın milli-mənəvi sərvətinin keşiyində dayanaraq, öz missiyasını yüksək ləyaqətlə yerinə yetirib. Məmləkətimizdə və dünyada, Azərbaycan və azərbaycançılıq yönündə keçirilən mədəni tədbirlər, eləcə də son illərdə ölkəmizdə sənətə verilən yüksək dəyər də redaksiyanın verilişlərində öz əksini tapır. «Sabahınız xeyir», «Şəbəkə» kimi uzunömürlü verilişlərlə yanaşı, «Sənət söhbətləri», «İlham çeşməsi», «Elçi daşı» kimi proqramlar da xalqımızın mənəvi xəzinəsini zənginləşdirən söz-sənət xiridarlarının əsərlərini yaşatmağa çalışır.

Bütün bunlardan başqa «Vaxtınız varsa», «Bizdən sonra», «Söz dünyamız», «Şərq müdrikliyi», «Dünyanı bəzəyənlər», «Abidələrimiz», «Elm və həyat», «Sözdən söz», «Çağdaş qələmlər», «Qadın səsi», «Bir nəğmənin nağılı», «Gecə döyülən qapılar», «Kino səltənəti», «Sevgilimsən, poeziya», «Həmsöhbət» kimi verilişlər də dinləyicilərin zövqünü oxşayır. Adları sadalanan verilişlərin bəziləri 40 ildir ki, efirdədir.

«Ədəbiyyat və incəsənət» redaksiyasının baş redaktoru əməkdar incəsənət xadimi Şəfəq Əlixanlıdır.

Redaksiya məşhur "Bulaq" verilişinin özülündə formalaşıb.

Ölməz sənətkarlarımız Səməndər Rzayev və Məhluqə Sadıqovanın səsi ilə ürəklərə yol tapmış, istedadlı yazarlar nəslini öz ətrafına toplamış "Bulaq" 50 ildir ki, öz missiyasını şərəflə yerinə yetirməkdədir.

“Ozanların dilindən”, “Dastandan üzü bəri”, “Şirvan şikəstəsi”, “İrəvan çuxuru”, “İlmə”, “Ocaq başı”, “Söz naxışı” kimi verilişlərdə folklorumuz müxtəlif yönümlərdə tətbiq olunur, toplanır, qədim yer-yurd adlarımız, o yurdların şifahi ədəbiyyatı üzə çıxarılır. "El havası", "Xeyrə qənşər", "Qərib axşamlar", "Sarıtel", "Yurd yeri", "Tərəkəmə", "Yaddaş səhifələri", "Dünya bir nağıldır", "Obalardan babalardan", "Ünvanımız Azərbaycandır" proqramları da dinləyicilərin rəğbətini qazanan verilişlərdəndir.

“Xalq yaradıcılığı” redaksiyasının baş redaktoru Tahir Talıblıdır.

"Xəbərlər” 1926-cı ildən gün ərzində yarım saatlıq istehsalat xəbərləri ilə efirə çıxıb.

30-cu illərin ortalarından “Son xəbərlər”, 1966-cı il iyunun 13-dən “Günün səsi”, 1991-ci ildən yenidən “Son xəbərlər” adı ilə efirə çıxıb.

“Xəbərlər” gün ərzində 13 dəfə (8:00, 9:00, 10:00, 11:00, 12:00, 13:00, 14:00, 15:00 (rus), 17:00, 18:00, 19:00, 20:00, 22:00) efirə çıxır, dinləyicilərə ictimai-siyasi, sosial-iqtisadi, ekoloji, mədəni, idman və hava haqqında məlumatları çatdırır.

“Xəbərlər” redaksiyasının baş redaktoru Zaur Rzayevdir.